Trampdan Cənubi Qafqazla bağlı rezonans yaradacaq açıqlama: O, Azərbaycan və Ermənistanı təhdid edib?
ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazla bağlı bu günlərdə səsləndirdiyi fikirlər ciddi rezonans doğurub. Belə ki, o, Azərbaycan–Ermənistan münaqişəsinin guya onun birbaşa təzyiqləri nəticəsində qısa müddətdə “həll edildiyini” iddia edib. Ağ Ev rəhbəri, həmçinin tərəfləri münasibətləri normallaşdırmaq üçün 200 faizlik rüsumlarla hədələdiyini bildirib. Doğrudur ki, Vaşinqton Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında və Vaşinqtonda sülh mətninin paraflanmasında, beləliklə, proseslərin müsbət dinamika ilə inkişafında mühüm rol oynayıb. Lakin burada Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar, xüsusilə rəsmi Bakının siyasi iradəsi mühüm rol oynayıb. Tramp isə sanki demək istəyir ki, o, tərəfləri hədə hesabına "masa arxasına otuzdurub". Birincisi, o, beləliklə, Ağ Evin proseslərdəki rolunu qabardır. İkincisi isə Azərbaycan və Ermənistanla hədə tonu ilə danışdığını dilə gətirir. Bunun diplomtik münasibətlərə zərbə vura biləcəyini anlayan Tramp niyə belə bir açıqlama ilə çıxış edir?

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib ki, Tramp özünəməxsus diplomatik leksikonu olan siyasətçidir: "Ona görə bəzən onun maksimalist, metaforik ifadələrini eşidə bilərik. Ancaq əsas məsələ odur ki, bu gün ABŞ ilə Azərbaycan arasında dostluq münasibətləri var. Trampın Azərbaycana münasibəti yüksək səviyyədədir. Hətta əvvəlki hakimiyyətlərin dövründə Azadlığın Müdafiə Aktına əlavə olunmuş 907-ci düzəlişin ləğvi məsələsinə gəlib çatmışıq.Yəni problemin necə həll olunduğunu hamı bilir. Məsələ burasındadır ki, kimsə məğlubiyyətə yaxın durmur, qələbəyə isə hamı sahib çıxmaq istəyir. Əgər Tramp Cənubi Qafqazdakı normallaşma proseslərində payının olduğunu düşünürsə, buna hörmətlə yanaşmalıyıq".

Politoloq Elxan Şahinoğlu isə deyib ki, ABŞ-nin Azərbaycanla Ermənistan arasında münasibətlərin nornallaşmasında böyük rolu olub: "Tramp yolu" məsələsində, həmçinin sülh quruculuğunda Vaşinqtonun səyləri danılmazdır.Buna görə Trampa minnətdarıq. Amma belə ton, yuxarıdan aşağı baxış münasibətlərə kölgə sala bilər. Həm də Azərbaycanla ABŞ arasında elə böyük ixrac əməliyyatları yoxdur ki, tariflər bizim iqtisadiyyatımıza ciddi vura bilsin".
13:14 30.12.2025
Oxunuş sayı: 3301