Baş prokurorun rəhbərliyi ilə Kollegiya iclası keçirilib
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 26-da prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Kollegiya iclasında Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsinin Konstitusiyanın qəbulunun 30 və Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə təsadüf etməsi ona xüsusi mənəvi mahiyyət qatıb.
Bildirilib ki, bu ilin qeyd olunması ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinə ehtiramın ifadəsi olmaqla, Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Konstitusiya əsasında dövlət suverenliyi, qanunun aliliyi və insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də Azərbaycanın hüquqi dövlət kimi formalaşmasını əks etdirir.
Prokurorluq orqanlarının fəaliyyətinə toxunarkən Kamran Əliyev tərəfindən Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan prokurorluğunun rolu qeyd edilməklə, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər kollegiya üzvlərinin diqqətinə çatdırılıb, ümumən qeydə alınmış cinayətlərin sayında azalmanın müşahidə edildiyi, bu nailiyyətlərin əldə olunmasında digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə həyata keçirilən preventiv, operativ və istintaq tədbirlərinin effektivliyi vurğulanıb.
Eyni zamanda, prokurorluq orqanlarının vətəndaşların hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və ictimai təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində davamlı və sistemli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Həmçinin çıxışda Baş Prokuror qeyd edib ki, 2025-ci ilin prokurorluq orqanlarının fəaliyyəti baxımından mühüm beynəlxalq hadisələrlə yadda qalmışdır. Bu çərçivədə Baş Prokurorluğun təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlər konfranslar keçirilib.
İclasda həmçinin Baş Prokurorluğun "İşin Təşkili Qaydaları"na əlavə və dəyişikliklərin edilməsi, həmçinin "Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi" layihəsinin müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanununa uyğun olaraq icrası həvalə olunan vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.
Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda bir sıra məsələlər üzrə Kollegiyanın qərarı qəbul olunub.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Prokurorluq orqanlarının bundan sonrakı fəaliyyəti zamanı da dövlət və xalqın mənafeyi naminə qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
16:28 26.12.2025
Oxunuş sayı: 840