ABŞ və İran üz- üzə: Qafqaz "şahmat taxtasına" çevrilir
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması fonunda Cənubi Qafqazda yeni dinamika yaranıb. Bir çox ekspertin fikrincə, artıq region üçün yeni münaqişə riski yoxdur. Bəziləri isə düşünür ki, bölgə beynəlxalq aktorların rəqabət meydançasına çevrilməkdədir. Bu baxımdan İran - ABŞ münasibətləri, o cümlədən rəsmi Tehranın "Tramp marşrutu" ilə bağlı mövqeyi xüsusilə gündəmə gətirilir. İran "Tramp marşrutu" layihəsinə razı deyil. Bu, ABŞ-nin strateji maraqlarının nəzərə alınmaması deməkdir. Belə bir vəziyyətdə Vaşinqtonun Tehrana təzyiqi artırması mümkündür. Bu isə yeni gərginlik deməkdir.
Türkiyəli politoloq, professor Yaşar Onay mümkün ehtimal barədə fikirlərini Crossmedia.az-la bölüşüb.

O bildirib ki, "Tramp dəhlizi" kimi tanınan xətt İran üçün texniki deyil, geosiyasi qırmızı xətt deməkdir: "Bu layihə İranın Ermənistan vasitəsilə Qafqaza yeganə strateji "nəfəs borusunu" zəiflədir. Buna görə də, Tehranın ona dəstəyi gözlənilmir. Əgər İran buna qarşı çıxmağa davam edərsə, bir neçə ssenari baş verə bilər. Bölgədə hərbi və diplomatik gərginlik artacaq. Xüsusən də Ermənistan vasitəsilə tarazlıq yaratmaq səyləri sürətlənəcək. Həmçinin İran Rusiya və müəyyən dərəcədə Çinlə gizli tarazlaşdırma koalisiyası yaradacaq. Eyni zamanda dəhlizin faktiki irəliləyişini ləngitmək üçün cəhdlər ediləcək; böhran qızğın olmasa da, uzun müddət davam edə bilər. ABŞ-İran gərginliyinə gəldikdə isə təkcə bu məsələ müharibəyə gətirib çıxarmayacaq, lakin mövcud gərginliyi artıran bir vasitə rolunu oynayacaq. Vaşinqton üçün bu dəhliz təzyiq vasitəsidir. Tehran üçün isə mühasirə zəncirinin növbəti halqasıdır. Nəticə etibari ilə qəfil münaqişə deyil, nəzarətli, lakin daha gərgin rəqabət daha realdır. Nə İran, nə də ABŞ geri çəkiləcək. Bu, Qafqazı səssiz, lakin yüksək gərginlikli bir şahmat taxtasına çevirəcək".
12:21 26.12.2025
Oxunuş sayı: 1116