Metan emissiyalarının təsirləri və onların azaldılmasına həsr olunmuş beynəlxalq vebinar seçilib
Tədbir Parlamentlərarası
İttifaq (IPU), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası
(ESCAP) və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə “Metan
emissiyalarının azaldılması daha sağlam və dayanıqlı gələcək qura bilərmi?”
mövzusunda beynəlxalq vebinar seçilib.
Crossmedia.az xəbər
verir ki, vebinarın məqsədi parlamentlər, hökumətlər, vətəndaş cəmiyyəti və
ekspertlər arasında metan emissiyalarının təsirləri və onların azaldılması
istiqamətində səmərəli milli strategiyalar barədə əməkdaşlıq dialoqu yaratmaq
olub.
Azərbaycanı tədbirdə
Milli Məclisin deputatı Məzahir Əfəndiyev təmsil edib.
Vebinarda çıxış edən BMT-nin
Avropa üzrə İqtisadi Komissiyasının ekspertləri Dario
Licuti, Emelin Plukton, Sonq Min Nam, eyni zamanda Parlamentlərarası
İttifaqın nümayəndəsi Aleksandra Blaqoyeviç metan emissiyalarının
azaldılmasının planetin sürətlə soyudulmasına ən güclü təsir göstərən
addımlardan biri olduğunu vurğulayıblar.
Mütəxəssislər metan emissiyalarının qısa müddətdə iqlim dəyişikliyi təsirlərini
azaltmaq üçün kritik əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar kənd təsərrüfatı,
enerji və tullantı idarəçiliyi sektorlarında tətbiq olunan uğurlu təcrübələri,
həmçinin ölkələr arasında bilik və texnologiya mübadiləsinin vacibliyini
diqqətə çatdırıblar.
Tədbir iştirakçıları
atmosferə metan buraxılışının azaldılmasının həm iqlim böhranının
cilovlanmasına, həm də əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına töhfə
verəcəyini bildiriblər. Vebinarın sonunda dövlət qurumları ilə parlamentlər
arasında koordinasiyanın gücləndirilməsi və bu sahədə daha konkret milli və
regional tədbirlərin həyata keçirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.
15:52 11.12.2025
Oxunuş sayı: 1553