Ömürlük məhkumun cəzası azaldılıb
İki nəfəri öldürərək ömürlük azadlıqdan məhrum edilən Asəf Məmmədovla bağlı hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Crossmedia.az xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib, cəza 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Hadisə 2023-cü il fevralın 19-da baş verib. Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində baş məsləhətçi olub.
12:17 02.12.2025
Oxunuş sayı: 1010