“Caspian Innovation Forum 2025”də süni intellekt və kibertəhlükəsizlik üzrə panel müzakirələri keçirilib
Bakıda beşinci “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) təşkilatçılığı, “Caspel” şirkətinin baş tərəfdaşlığı ilə 2-ci Beynəlxalq “Caspian Innovation Forum 2025” təşkil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Forum müxtəlif sektorları təmsil edən geniş iştirakçı auditoriyasını bir araya gətirən, həm aktual mövzuları, həm də sektorlararası əməkdaşlığı özündə birləşdirən çoxprofilli proqramı ilə diqqət çəkib.
Açılış nitqi ilə çıxış edən İqtisadiyyat Nazirinin müşaviri Rauf Nəcəfli dövlət və özəl sektoru bir araya gətirən bu forumun yeni ideyaların və layihələrin reallaşmasına töhfə verəcəyini qeyd edib. O, həmçinin rəqəmsal transformasiya, süni intellekt və təmiz enerjinin Azərbaycanın inkişaf modelini yenidən formalaşdırıdığını və iqtisadiyyatda yüksək nəticələrin əldə olunmasında qeyri-neft sektorunun rolunu xüsusilə vurğulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov qurumun fəaliyyəti barədə qısa məlumat verərək kibertəhdidlərin artan dinamikasını və kibertəhlükəsizliyin dünya iqtisadiyyatına vurduğu ciddi zərərləri qeyd edib. O, Azərbaycanda dövlət informasiya sistemlərinin beynəlxalq tələblərə uyğun şəkildə qurulduğunu bildirib.
“Caspel” şirkətinin İdarə Heyətinin sədri Ceyhun Quliyev açılış nitqində forumun məqsəd və missiyasının aktuallığını yüksək qiymətləndirərək qlobal innovativ ekosistem və onun gələcək inkişaf imkanları barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu sahə sürətlə inkişaf edir və süni intellekt, bulud həlləri və rəqəmsallaşma biznesin inkişafında əsas rol oynayır.
Tədbir haqqında məlumat verən Telman Əliyev forumun mövzularının regionda innovasiya mühitinin inkişafına töhfə verdiyini qeyd edib və tədbirin bilik mübadiləsi və əməkdaşlığın genişləndirilməsi üçün məqsədyönlü işgüzar məkan olduğunu bildirib.
“Rəqəmsal iqtisadiyyat və süni intellekt erası” mövzusunda keçirilən ilk panel müasir rəqəmsal transformasiya meyilləri, süni intellekt tətbiqlərinin iqtisadi sektorlara təsiri, böyük verilənlərin idarə edilməsi və rəqəmsal təhsil imkanlarının genişləndirilməsi kimi məsələlərə həsr olunub.
Panel “Caspel” şirkətinin İdarə Heyətinin Sədri Ceyhun Quliyevin moderatorluğu ilə aparılıb. Paneldə spiker qismində "R.I.S.K. Elmi İstehsalat şirkəti"nin təsisçisi və baş direktoru Cabir Cümşüdov, "ULTRA Technologies" şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlı, “AzInTelecom” MMC-nin baş kommersiya direktoru Fərrux Fərəcullayev, “Best comp” şirkətinin Rəqəmsal Transformasiya üzrə bas müdiri Orxan Bədəlov iştirak ediblər.
“Kibertəhlükəsizlik, dayanıqlı inkişaf və innovativ sənaye texnologiyaları” adlı növbəti panel “Caspel” şirkətinin baş direktoru Natiq Paşayevin moderatorluğu ilə davam edib. Panel çərçivəsində təhlükəsizlik yanaşmaları, kritik məlumat infrastrukturunun qorunması və sənayedə rəqəmsal dayanıqlığın artırılması üzrə aktual mövzular nəzərdən keçirilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov, İnnovasiya və Rəqəmsal İnkisaf Agentliyinin Strateji Tərəfdaşlıq şöbəsinin müdiri Orxan İsmayılov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov və STDC-in (Sumqayıt Texnologiyalar Data Mərkəzi) direktoru Elvin Aslanovun spiker qismində iştirak etdiyi paneldə milli kibertəhlükəsizlik strategiyalarının yenilənməsi, təhlükəsizlik ekosisteminin qlobal tendensiyalara uyğunlaşdırılması və sənaye sahəsində yeni texnologiyaların tətbiqi barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda hər iki panelin spikerlərinə 2-ci Beynəlxalq “Caspian Innovation Forum 2025”in uğurlu təşkilinə verdikləri dəstəyə görə təşəkkürnamə sertifikatları təqdim edilib.
Forumun rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılar arasında ünsiyyətin genişləndirilməsi üçün ənənəvi networking sessiyası təşkil edilib. Sessiyada iştirakçılar yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və birgə layihələr üçün istiqamətlər müəyyənləşdirmək imkanı əldə ediblər. “Biz inanırıq ki, “Caspian Innovation Forum 2025” regionda innovasiya gündəminin formalaşmasına, biznes mühitində rəqabət qabiliyyətinin yüksəldilməsinə və yeni texnologiyaların tətbiqinə mühüm stimul verəcək. Biz həmçinin forumun növbəti illərdə daha geniş miqyasda keçirilməsini və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsini planlaşdırdıq”, - deyə Telman Əliyev bildirib.
“Caspian Energy Holding” haqqında qısa məlumat “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq. “Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”. “Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək. 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır. 2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edir.
17:08 28.11.2025
Oxunuş sayı: 939