Noyabrın 24-də Doha şəhərində Azərbaycan və Qətər hökumətləri arasında birgə iqtisadi, ticarət və texniki Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə baş tutub.
İclasda hər iki ölkədən rəsmilər, eləcə də turizm, xidmət, sənaye, tikinti, inşaat, dizayn, tekstil və digər sahələrdə fəaliyyət göstərən 30-a yaxın Azərbaycan şirkəti və biznes assosiasiyasının nümayəndələri iştirak ediblər.
Toplantıda Komissiyanın həmsədrləri – Qətərin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Məhəmməd Əl Sayed, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qətər Ticarət və Sənaye Palatasının sədrinin birinci müavini Məhəmməd bin Əhməd bin Tvar, eləcə də Biznes Şurasının həmsədrləri Orxan Məmmədov və Məhəmməd bin Cövher Əl Məhəmməd iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
İclas çərçivəsində AZPROMO, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu, Qətərin İnvestisiyaların Təşviqi Agentliyi və "Qətər Turizm” tərəfindən hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib. Azərbaycan və Qətər iş adamları şirkətlərinin fəaliyyət istiqamətləri və əməkdaşlıq imkanları haqqında məlumat veriblər. Tədbir çərçivəsində iş adamları arasında "B2B” görüşlər də təşkil olunub.
Səfər zamanı KOBİA nümayəndələri Qətər İnkişaf Bankının baş direktoru Əbdürrəhman bin Hişam Əl-Süveydi ilə görüşərək müxtəlif sektorlar üzrə əməkdaşlıq və KOB-ların maliyyələşdirilməsi mexanizmlərini müzakirə ediblər. Biznes Şura çərçivəsində iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və Şuranın gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Marsol Group-un təsisçisi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev, həmçinin İCMA üzvləri də iştirak ediblər. İCMA nümayəndələrinin iştirakı iki ölkənin işgüzar dairələri arasında yeni tərəfdaşlıqların qurulmasına, birgə biznes təşəbbüslərinin dəyərləndirilməsinə və Azərbaycan sahibkarlarının Qətər bazarında mövqelərinin gücləndirilməsinə töhfə verib.