Kredit faizləri niyə yüksəkdir?
İstehlak kreditləri üzrə faizlərin yüksək olmasının əsas səbəbi pulun maya dəyərinin artmasıdır. Son iki ildə depozit faizləri təxminən 3% yüksəlib və bu artım birbaşa Mərkəzi Bankın həyata keçirdiyi bahalı pul siyasəti ilə bağlıdır. Mərkəzi Bankın 2023-cü ilin dekabrından etibarən məcburi ehtiyat normalarını kəskin artırması isə bazarda pulun dəyərinin daha da bahalaşmasına səbəb olub.
Bu sözləri Crossmedia.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli istehlak kreditlərinin bahalaşmasının səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, məcburi ehtiyatların artırılması bank sektoruna pul axınını gücləndirsə də, nəticədə faizlərin bahalaşmasına yol açıb:
“Bu artım ən çox istehlak kreditlərinə təsir edib, çünki bu kredit növü biznes və ipoteka kreditləri ilə müqayisədə ən riskli hesab olunur. Riskin yüksək olması əvvəlcədən faizləri artırırdı, yeni maliyyə şərtləri isə bu fərqi daha da dərinləşdirib.
Son statistikalar da vəziyyəti təsdiqləyir: kredit portfelləri arasında ən sürətli artım məhz istehlak kreditlərində müşahidə olunur. İstehlak kreditlərinin həcminin sürətlə böyüməsi əhalinin borc yükünü artırır və problemli kreditlərin əksəriyyəti də məhz bu seqmentdə formalaşır. Bu tendensiya həm inflyasiyaya mənfi təsir göstərir, həm də faizlərin daha da artmasına şərait yaradır”.
Ekspert hesab edir ki, istehlak kreditləri üzrə faizlərin azalması üçün yalnız bank sektorunda deyil, bütövlükdə iqtisadi mühitdə sağlamlaşma baş verməlidir. Bunun üçün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və ümumi iqtisadi risklərin azalması əsas şərtlərdir. Kərimlinin fikrincə, bu tədbirlər görülmədən kredit faizlərinin real şəkildə enməsi mümkün deyil.
Nihat Tahirov
09:33 19.11.2025
Oxunuş sayı: 1053