KOBİA-nın fəaliyyəti "Aİ biznes mühiti hesabatı: Azərbaycan 2024"də öz əksini tapıb
Avropa İttifaqının (Aİ) dəstəyi ilə hazırlanmış "Aİ biznes mühiti hesabatı: Azərbaycan 2024" açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Avropa şirkətlərinin yerli islahatlarda irəliləyişə dair baxışları haqqında sorğunun nəticələrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) üç ən effektiv dövlət qurumundan biri kimi qiymətləndirilib.
Hesabatda KOBİA-nın fəaliyyətinin KOB-ların dəstəklənməsi sahəsində səmərəli olduğu vurğulanır. Nəşrdə KOB-ların dəstəklənməsi sahəsində dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın geniş infrastruktur şəbəkəsi (KOB evləri, KOB dostu ofisləri və KOB inkişaf mərkəzləri) və müxtəlif dəstək alətləri barədə də məlumat verilib.
"Aİ biznes mühiti hesabatı: Azərbaycan" 2016-cı ildən hazırlanır. Hesabatın məqsədi Azərbaycanın biznes mühitindəki son tendensiyaları ölkədə fəaliyyət göstərən Avropa şirkətləri və investorların baxış bucağından əks etdirməkdir. 2024-cü il üzrə nəşrdə Azərbaycanın iqtisadi inkişafı, biznes mühiti və yeni investisiya imkanları kimi özəl sektor üçün vacib mövzulara xüsusi yer verilib. Hesabat üçün məlumatlar Aİ-yə üzv ölkələr, ölkəmizdə fəaliyyət göstərən və Azərbaycan bazarına daxil olmaq istəyən Avropa şirkətləri, eləcə də fəaliyyətini əsasən Aİ ilə əməkdaşlığa yönəltmiş yerli şirkətlərlə aparılmış sorğular əsasında toplanıb. Ümumilikdə, hesabat Azərbaycan daxil olmaqla 27 ölkədən şirkətlərin fikirlərini əks etdirir.

09:07 14.11.2025
Oxunuş sayı: 1338