KOBİA-nın uğuru institusional siyasətin real təsirini göstərir - İqtisadçı
Azərbaycanın biznes ekosistemində son illər müşahidə olunan irəliləyişlər, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar artıq beynəlxalq səviyyədə tanınmağa başlayıb. Bu uğurun mərkəzində isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA dayanır. Agentliyin fəaliyyəti nəticəsində ölkədə sahibkarlıq mühitinin daha çevik, şəffaf və innovativ əsaslarla formalaşması təmin olunub. Bunun bariz nümunəsi isə Avropa İttifaqının dəstəyi ilə hazırlanan “EU Business Climate Report: Azerbaijan 2024” hesabatında KOBİA-nın effektivlik baxımından bütün dövlət qurumları arasında birinci yerə çıxmasıdır.
Mövzu ilə bağlı Crossmedia.az saytına açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, KOBİA-nın uğuru Azərbaycanın biznes siyasətinin effektivliyini göstərir:

“Bu göstərici, Azərbaycanda KOB sektoruna yönəlmiş və KOBİA tərəfindən icra edilən institusional siyasətin artıq ölçülə bilən real təsir yaratdığını, həmçinin bu təsirin beynəlxalq səviyyədə tanındığını sübut edir. Son illər Agentlik tərəfindən sahibkarlıq mühitinin sadələşdirilməsi, xidmətlərin modernləşdirilməsi və biznes–dövlət əlaqələrinin çevikləşdirilməsi istiqamətində atılan addımlar öz praktiki nəticəsini verir”.
İqtisadçı bu modelin üstünlüklərindən danışıb:
“Xüsusilə, KOB evləri modelinin Avropa İttifaqı tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil. Bu model sahibkarlara “tək pəncərə” prinsipi ilə xidmət göstərərək bürokratik yükü azaldır, biznesin gündəlik ehtiyaclarına real cavab verir və dövlət dəstəyini daha əlçatan edir”.
Eldəniz Əmirovun sözlərinə görə, hesabatın nəticələrində ən çox diqqət çəkən məqamlardan biri də KOB Dostları şəbəkəsinin roludur.
Çünki paytaxtda və regionlarda bizneslə birbaşa təmasda olan, sahibkarın problemini dinləyən, həll yolları axtaran və doğrudan da “dost” funksiyasını yerinə yetirən məhz bu komandadır. KOB Dostları illərdir bölgələrdə gənc və peşəkar dövlət xidmətinin yeni modelini formalaşdırır. Artıq 6 ildir fəaliyyət göstərən bu şəbəkə dövlət xidmətinə ənənəvi yanaşmanı tamamilə dəyişdirərək, regionlarda sahibkarlar üçün dayaq nöqtəsinə çevrilib. Bu gün əldə olunan yüksək beynəlxalq qiymətləndirmə də məhz həmin uzunmüddətli əməyin, davamlı fəaliyyətin və sahə ilə canlı iş prinsipinin məntiqi nəticəsidir”.
Günel Verdiyeva
15:37 13.11.2025
Oxunuş sayı: 1265