Azərbaycan İtaliyada turizm sərgisində təmsil olunacaq

Azərbaycan 30 oktyabr – 2 noyabr tarixlərində İtaliya Respublikasının Paestrum şəhərində keçiriləcək “27-ci Aralıq dənizi Arxeoloji Turizm Mübadiləsi” beynəlxalq turizm sərgisində iştirak edəcək.
Bu barədə Crossmedia.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib k, sərginin başlıca məqsədi arxeoloji park və muzeyləri tanıtmaq, arxeoloji turizm və marketinq istiqamətlərini təşviq etmək, mövsümu turizmdən asılılığı azaltmaq və iqtisadi imkanları genişləndirməkdir. İtaliyanın Mədəniyyət Nazirliyi, Turizm Nazirliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, Regionlar və Muxtar Vilayətlər Konfransı və İtaliya Bələdiyyələrinin Milli Assosiasiyasının himayəsi ilə keçirilən tədbir UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində ən uğurlu layihələrdən hesab olunur.
Vurğulanıb ki, turizm sərgisində Azərbaycanın müxtəlif arxeoloji irs abidələri və onların turizm potensialının nümayişi məqsədilə müvafiq stendin qurulması, müvafiq təbliğat xarakterli məlumatların verilməsi nəzərdə tutulur.
"27-ci Aralıq dənizi Arxeoloji Turizm Mübadiləsi" beynəlxalq turizm sərgisi (“Borsa Mediterranea del Turismo Archeologico”: https://www.borsaturismoarcheologico.it/en/) beynəlxalq miqyasda tanınmış ixtisaslaşmış platformadır və hər il yüzlərlə ölkədən turizm qurumlarını, dövlət və özəl sektor nümayəndələrini, həmçinin alim və ekspertləri bir araya gətirir. Tədbirdə iştirak Azərbaycan üçün turizm sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, arxeoloji turizmin inkişafına dair yeni ideyaların tətbiqi, həmçinin ölkəmizin UNESCO Dünya İrs Siyahısında yer alan və namizədlik statusu daşıyan abidələrinin təbliği baxımından mühüm fürsətlər açır. Bu, Azərbaycanın beynəlxalq turizm əməkdaşlığında mövqelərinin möhkəmləndirilməsinə və ölkəmizin arxeoloji turizm irsinin dünyada daha geniş tanıdılmasına töhfə verəcək.
12:39 23.10.2025
Oxunuş sayı: 932