Azərbaycan İƏT-in Arbitraj Mərkəzinin Müşahidə Şurasının iclasında təmsil olunacaq

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası noyabrın 2-də Türkiyənin İstanbul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzinin Müşahidə Şurasının 3-cü iclasında təmsil olunacaq.
Crossmedia.az xəbər verir ki, bunu Konfederasiyanın prezidenti Məmməd Musayev Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində deyib.
O qeyd edib ki, bu iclas çərçivəsində Al-Baraka Qrupunun rəhbəri Abdulla Saleh ilə görüş planlaşdırılıb: "Hesab edirik ki, bu dialoqların nəticəsi kimi İslam bankçılığının ölkəmizdə tətbiqinə öz töhfələrimizi verə biləcəyik".
Konfederasiya prezidentinin sözlərinə görə, ölkədə bu sahədə atılan son addımlar bizi sevindirir, hüquqi bazanın təkmilləşdirilməsi üçün müvafiq dövlət qurumlarının fəaliyyətini müsbət hesab edirik: "Bizim məqsədimiz budur ki, sahibkar üçün seçim imkanı yaradılsın, yəni, istəsə ənənəvi bankçılıqdan, istəsə də İslam maliyyə alətlərindən istifadə edə bilsin".
M.Musayev əlavə edib ki, İslam maliyyəsinin ən böyük üstünlüyü onun etik xarakteridir:" Burada insan faktoru dürüstlük, etimad, şəffaflıq – iqtisadi münasibətlərin mərkəzində dayanır: Mən inanıram ki, Azərbaycan sahibkarı məhz bu dəyərlər üzərində qurulan iqtisadi modelin daşıyıcısı olacaq. Hesab edirəm ki, bu forum təkcə iqtisadi deyil, həm də dəyərlərə söykənən inkişaf modelinin ərsəyə gəlməsində ən yaxşı təcrübələrin öyrənilməsi istiqamətində böyük töhfələr verəcək. İnanıram ki, yaxın illərdə Azərbaycanda İslam bankçılığı geniş tətbiq olunacaq, sahibkarlarımız üçün yeni maliyyə imkanları açılacaq və ölkəmiz regionda bu sahədə lider mərkəzlərdən birinə çevriləcək".
12:35 23.10.2025
Oxunuş sayı: 833