Məhkəmə institutun iddiasını təmin etdi

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi “Təzadlar” qəzeti redaksiyasına qarşı qaldırılmış iddia üzrə qərar qəbul edib. Qərara əsasən, redaksiya AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı Məmmədli Şəhla Rafiq qızı haqqında yayımlanan bir sıra məqalələrdə yer alan məlumatlara görə təkzib dərc etməlidir.
Crossmedia.az xəbər verir ki, məhkəmənin 24 yanvar 2025-ci il tarixli qətnaməsində “Təzadlar” qəzetinin internet xəbər portalında 2024-cü ildə dərc edilən bir neçə məqaləsində iddiaçının işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan məlumatlar yer aldığı əks olunub. Məhkəmə predmetinə səbəb olan məqalələr bunlardır: "Heydər Əliyev irsini araşdırmağımıza görə bizə ciddi maneələr başladı”, “Tarix institutunda indi baş verənlər tarixə yazılacaq, çünki”, "İsa Həbibbəyli tarix institutunda baş verənlərlə bağlı mənə dedi ki”, “AMEA-nın Tarix və Etnologiya institutunun elmi jurnalında plagiat məqalə”, “Baş redaktor AMEA prezidenti İsa Həbibbəyliyə müraciət göndərdi”.
Məhkəmə qərarına əsasən, “Təzadlar” qəzeti redaksiyası yuxarıda qeyd olunan yazılarda Məmmədli Şəhla Rafiq qızına dair məlumatların həqiqətə uyğun olmadığını bildirən təkzib mətnini öz saytında dərc etməlidir.
Qətnamədə qeyd olunur ki, redaksiya həmin məlumatların işgüzar nüfuzu ləkələyən xarakter daşıdığını nəzərə alaraq qanunvericiliyə uyğun şəkildə təkzib vermək öhdəliyini daşıyır.
Nigar Yahyazadə
17:15 14.10.2025
Oxunuş sayı: 1080