II Azərbaycan Halal Biznes Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində iki sənəd imzalanıb.
Crossmedia.az xəbər verir ki, bunlardan birini Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi imzalayıb.
Anlaşma Memorandumuna əsasən Bilişim Vadisi Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə dəstəyini ifadə edib. Sənəddə "yaşıl iqtisadiyyat", "yaşıl texnologiyalar" və "yaşıl sahibkarlıq" kimi istiqamətlər üzrə maarifləndirmə tədbirlərinin və ortaq təşəbbüslərin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.
Memorandumu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Blişim Vadisinin baş meneceri Erkam Tüzgen imzalayıblar.
Xatırladaq ki, KOB-ların "yaşıl keçid"i üçün "Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"ni COP29 çərçivəsində KOBİA irəli sürüb. Qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədi daşıyan bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.
Digər sənədi isə KOBİA və Malayziyanın "Berhad" Halal İnkişaf Korporasiyası imzalayıb. Anlaşma Memorandumuna O.Məmmədov və Korporasiyanın baş icraçı direktoru Hairol Arifeyn Bin Sahari imza atıb. Sənəddə hər iki qurumun imkanlarından istifadə olunmaqla biznes, investisiya və ixrac, eləcə də halal sənaye kimi sahələdə bilik və təcrübə mübadiləsinin aparılması, birgə təlim proqramlarının icrası və s. istiqamətlərdə əməkdaşlıq nəzərə tutulur.
11:33 07.10.2025
Oxunuş sayı: 1182