Azərbaycanla Türkiyənin hüquq sistemləri yaxınlaşır -RƏY

Sentyabrın ikisində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti "2025-2026 Yeni Ədliyyə İli Açılış Tədbiri"ndə iştirak etmək üçün Türkiyənin Ankara şəhərinə işgüzar səfər edib.
Tədbirdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Baş prokuror Muhsin Şəntürk, Ədliyyə naziri Yılmaz Tunç, həmçinin çoxsaylı hakim və prokurorlar, eləcə də digər xarici qonaqlar da iştirak ediblər.
Vitse-prezident Cevdet Yılmaz məhkəmə və prokurorluq orqanlarının ədalət mühakiməsinin təmin edilməsində xüsusi rolunu vurğulayaraq, yeni ədliyyə ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, eyni zamanda, Azərbaycanın Baş prokuroru Kamran Əliyevi və Ali Məhkəmənin sədri İnam Kərimovu salamlayaraq, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və qarşılıqlı əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb.
Cevdet Yılmaz heyət rəhbərlərini qəbul edərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, xüsusilə hüquq-mühafizə əməkdaşlığında əldə olunan nailiyyətlərin davamlı xarakter daşıdığını, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə siyasi iradəsi ilə münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Səfər çərçivəsində Kamran Əliyev Türkiyənin Baş prokuroru Muhsin Şəntürk, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Ədliyyə naziri Yılmaz Tunç və başqa xarici həmkarları ilə görüşlər keçirib.
Bəs maraqlıdır Ankarada keçirilən 2025–2026 Yeni Ədliyyə İli Açılış Tədbirində iştirak Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi baxımından hansı yeni imkanlar yaradır?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı iki qardaş ölkə arasında hüquqi əməkdaşlığın strateji səviyyədə daha da möhkəmləndiyinin göstəricisi olduğunu qeyd edib : “Ankarada keçirilən 2025–2026-cı illər Yeni Ədliyyə İlinin açılış mərasimi təkcə simvolik xarakter daşımır. Tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı iki qardaş ölkə arasında hüquqi əməkdaşlığın strateji səviyyədə daha da möhkəmləndiyini göstərir. Azərbaycan və Türkiyə arasında mövcud ikitərəfli sazişlər prokurorluq orqanları, məhkəmə sistemi və hüquq sahəsinin müxtəlif istiqamətlərində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Ankaradakı tədbir bu əməkdaşlığı yeni institutlar və konkret mexanizmlərlə zənginləşdirmək üçün mühüm imkan yaradır. Buraya terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə, birgə istintaq qrupları, təcrübə mübadiləsi proqramları, hüquqşünas kadrların hazırlanması sahəsində ortaq təlim mərkəzlərinin yaradılması kimi təşəbbüslər daxildir. Həm Azərbaycan, həm də Türkiyə məhkəmə-hüquq sistemində şəffaflıq, rəqəmsallaşma və insan hüquqlarının müdafiəsinə yönəlmiş islahatlar həyata keçirilir. Türkiyənin son illərdə tətbiq etdiyi elektron ədliyyə, rəqəmsal məhkəmə və alternativ həll mexanizmləri Azərbaycan üçün də mühüm təcrübədir. Eyni zamanda Azərbaycan Baş Prokurorluğunun elektron prokurorluq sistemi sahəsində əldə etdiyi nailiyyətlər Türkiyə tərəfindən öyrənilir. Bu isə qarşılıqlı təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır”.
Müsahibimiz, həmçinin bu cür əməkdaşlığın iki ölkənin hüquq sistemlərini daha da yaxınlaşdıracağını və hüquqi islahatlarda sinxronlaşma və bilik transferinə təkan verəcəyini bildirib : “Gözlənilir ki, bu istiqamətdə əməkdaşlıq iki ölkənin hüquq sistemlərini daha da yaxınlaşdıracaq, hüquqi islahatlarda sinxronlaşma və bilik transferinə təkan verəcək. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan və Türkiyə yalnız ikitərəfli münasibətlərdə deyil, beynəlxalq hüquq platformalarında da bir-birinin mövqeyini dəstəkləyən ölkələrdir. Ankaradakı tədbirdə nümayiş etdirilən birlik region ölkələrinə və beynəlxalq təşkilatlara verilən açıq mesajdır: iki qardaş ölkə hüquq sahəsində vahid mövqedən çıxış edir. Bu, xüsusilə insan hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə və transmilli cinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu tədbirdə iştirakı onun son illərdə həyata keçirdiyi prinsipial və fəal fəaliyyətin davamıdır. Onun rəhbərliyi ilə prokurorluğun institusional gücləndirilməsi, şəffaflıq, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi, kadr hazırlığı və rəqəmsallaşma istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Türkiyədə keçirilən bu tədbir isə Azərbaycan Prokurorluğunun beynəlxalq nüfuzunu daha da artırır və ölkəmizin regional hüquqi əməkdaşlıqda aparıcı rolunu möhkəmləndirir".
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Ankaradakı iştirakının simvolik tərəfi də var: "Bu, “bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi əməkdaşlıq müstəvisində də təcəssümüdür. Tədbir gələcəkdə ortaq hüquqi forumların təşkili, yeni əməkdaşlıq sazişlərinin imzalanması və konkret nəticələr verəcək layihələrin reallaşdırılması üçün zəmin yaradır. Beləliklə, Ankarada keçirilən bu mərasim Azərbaycan-Türkiyə hüquqi əməkdaşlığının daha sistemli və məqsədyönlü inkişafına xidmət edir. Baş Prokuror Kamran Əliyevin fəal mövqeyi isə bu əməkdaşlığın yalnız simvolik deyil, real nəticələr doğuran bir prosesə çevrilməsini təmin edir- deyə o əlavə edib".
Elmir Heydərli
15:07 03.09.2025
Oxunuş sayı: 1464