DİN ikitəkərli nəqliyyat sürücülərinə müraciət edib

Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki bu barədə DİN-in Mətbuat Xidməti
məlumat yayıb.
Məlumata görə, paytaxt ərazisində həyata keçirilən növbəti tədbir
zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər
edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər
aparılıb.
Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda
pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün də ciddi
təhlükə yaratdığı diqqətə çatdırılıb.
Yol hərəkəti və təhlükəsizlik qaydalarına məhəl qoymayaraq həm
özləri, həm də digər nəqliyyat vasitələri üçün qəza riski yaradan ikitəkərli nəqliyyat
sürücüləri barədə məsuliyyət tədbirləri həyata keçirilib.
"İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol
verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi
məqsədi ilə profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək. Bir daha
yol hərəkəti iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə
çağırırıq".
08:52 12.08.2025
Oxunuş sayı: 768