Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq

Azərbaycan və Özbəkistan gələn həftə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsini planlaşdırıb.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru" panel sessiyasında bildirib.
Onun sözlərinə görə, Hökumətlərarası Komissiya böyük əhəmiyyət kəsb edir, çünki ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verən bir alətdir.
"Gələn həftə Hökumətlərarası Komissiyanın iclasını keçirməyi planlaşdırırıq. Bundan əlavə, təxminən 500 milyon ABŞ dolları kapitalı olan birgə İnvestisiya Fondu da vacib alətlərdən biridir. Fondun müşahidə şurasının çərçivəsində Azərbaycan və Özbəkistan nümayəndələri artıq 12 konkret layihəni qeyd ediblər. Əməkdaşlığımız üçün əlavə institusional mexanizm kimi biz Özbəkistanda ticarət nümayəndəliyi yaradacağıq. Bu, Azərbaycanın dünya üzrə altıncı ticarət nümayəndəliyi olacaq və əlavə impuls verəcək", - E.Əliyev bildirib.
09:56 11.06.2025
Oxunuş sayı: 2687