Azərbaycanda ilk dəfə məhkum mediasiya yolu ilə cəzadan azad edildi

Məhkəmə ilk dəfə cinayət işləri üzrə mediasiya yolu ilə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad edib.
Crossmedia.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində məhkumun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin təqdimatına baxılıb.
İşin hallarına görə, şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Hakim Azər Tağıyevin sədrliyi ilə təqdimata baxılarkən məlum olub ki, 22 aprel 2025-ci il tarixdə məhkumla zərərçəkmiş arasında Mediasiya Şurasının təşkilatında iştirakı ilə barışıq sazişi bağlanıb. Bundan sonra zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, məhkumla barışdığını və cinayət nəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini göstərib. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 80-1 maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilir.
Məhkəmə məhkumla zərərçəkmiş şəxs arasında ailə münasibətləri zəminində yaranmış mübahisənin mediatorun vasitəçiliyi ilə barışıq sazişi bağlandığını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq məhkumun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunmasına dair qərar qəbul edib.
12:42 12.05.2025
Oxunuş sayı: 1152