Səudiyyə Ərəbistanı və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığın inkişafı müzakirə edilib

Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
Bildirilib ki, Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan hökumətləri arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası çərçivəsində Səudiyyə Ərəbistanının İnvestisiyaların Təşviqi Təşkilatı (SIPA) və AZPROMO-nun birgə təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı-Azərbaycan dəyirmi masası keçirilib.
Komissiyanın həmsədri, Səudiyyə Ərəbistanının investisiyalar naziri Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanının Azərbaycanla ikitərəfli əlaqələrinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini, iki ölkə arasında tərəfdaşlığın ümumi iqtisadi maraqlar əsasında inkişaf etdiyini bildirib.
Tədbirdə çıxış edən Komissiyanın həmsədri, Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov dəyirmi masanın biznes əlaqələrinin daha da genişləndirilməsinə, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivlərinin müzakirəsi üçün əlverişli platforma yaratdığını vurğulayıb.
Dəyirmi masa zamanı AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycan İnvestisiya Holdinqi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ələt Azad İqtisadi Zonası (AFEZ), eləcə də özəl qurumların nümayəndələri tərəfindən ölkəmizdə perspektivli biznes və investisiya imkanlarına, həmçinin investorların dəstəklənməsi ilə bağlı mövcud dövlət mexanizmlərinə dair məlumat verilib.
19:10 30.04.2025
Oxunuş sayı: 706