Bu ilin I rübündə cinayətlərin dinamikasında 1 101 fakt azalma qeydə alınıb

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə bu ilin I rübündə qeydə alınan 7 min 829 cinayətin 87 faizi açılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qurumun kollegiya iclasında çıxışı zamanı bildirib.
Qeyd olunub ki, cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz və ya 1 101 fakt azalma qeydə alınıb.
Ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxlər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı azalıb.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.
18:00 25.04.2025
Oxunuş sayı: 513