Anar Bağırov namizədlərlə vəkilliyə qəbulla bağlı test imtahanlarını müzakirə edib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırovun vəkilliyə namizədlərlə görüş keçirilib.
Crossmedia.az-ın verdiyi məlumata görə, Anar Bağırov bildirib ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ARVK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf şəraitində keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilərək, hər namizədə eyni suallar verilir.
İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu bildirən sədr icbari təlimdə ARVK-dan 122, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından isə 7 vəkilliyə namizədlərin iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, vəkilliyə namizədlərdən 55 nəfər qadın, 67 nəfər isə kişidir, o cümlədən onlardan 76 faizi 40 yaşadəkdir.
Həmçinin, Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətini qeyd edərək, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, o cümlədən onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə diqqətə çatdırıb. Sədr son illər tədris prosesində dəyişikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu ifadə edib.
Sonra ARVK-nın sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib, namizədləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.
09:45 18.03.2025
Oxunuş sayı: 738