Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib




“Femida Könüllüləri” Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz, suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra “Femida Könüllüləri” Təşkilatının birilliyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Forumda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida Könüllüləri” Təşkilatının sıralarına hazırda 500-dən çox könüllünün qoşulduğunu diqqətə çatdırıb:
“Bu, ali təhsil müəssisələrinə, hüquq fakültələrinə böyük dəstəkdir. Könüllülük fəaliyyəti hüquq fakültələrindəki təcrübəyə töhfə kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu, gənc hüquqşünasların daha təcrübəli, daha praktikaya yaxın biliklərlə ali təhsil müəssisələrini bitirməsinə gətirib çıxarmalıdır. Ona görə də təşkilatın fəaliyyəti yüksək qiymətləndirilməlidir. Bir il ərzində göstərilən fəaliyyət öz müsbət nəticələrini verib və əminəm ki, bu daha da yaxşı olacaq. Məlumdur ki, bu il Prezident İlham Əliyev tərəfindən "Konstitusiya və Suverenlik İli" elan edilib və müvafiq qurumlara tapşırıqlar və tövsiyələr verilib. Əminəm ki, "Femida Könüllüləri" Təşkilatı bu fəaliyyətdə aktiv olaraq iştirak edəcək və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində müvafiq qurumlara dəstək verəcək".
Hazırda könüllülük hərəkatının bütün dünyada təqdir olunan, etimad göstərilən və hörmətlə qarşılanan hərəkatlardan biri olduğunu deyən ədliyyə nazirinin müavini Abiddin Hüseynov qeyd edib: "İnanıram ki, "Femida Könüllüləri" Təşkilatı bundan sonra da özünün uğurlu fəaliyyətini davam etdirəcək və Azərbaycanın hüquq sisteminə töhfə verməyə davam edəcək. Onlar gələcəkdə Azərbaycanın tanınmış hüquqşünasları, hakimləri, prokurorları, vəkilləri və digər müxtəlif peşə sahələrində uğurla çalışan şəxsləri olacaqlar".
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilovun sözlərinə görə, birillik fəaliyyəti yeni tamam olmuş könüllülük təşkilatının bu dərəcədə vüsət alması əslində təsadüfi deyil: “Bunun səbəbi ölkəmizdə hüquqşünasların hər bir təşkilatda öz sözlərini deməyə qadir olmaları ilə əlaqəlidir. Ona görə də “Femida Könüllüləri”nin birillik fəaliyyətinə baxanda heç də təəccüblənməməliyik”.
Forum çərçivəsində, həmçinin səmərəli fəaliyyətinə görə Femida Könüllüləri mükafatlandırılıblar.
Bununla yanaşı, Könüllülərin Elektron İdarə Edilməsi Sisteminin təqdimatı olub.
Forum çərçivəsində “Dövlət qurumlarında hüquqşünas gənclər üçün inkişaf şəraiti” və “Hüquqşünas gənclər üçün özəl sektorda təcrübə imkanları” mövzularında dəvət olunmuş qonaqlarla panel görüşləri də olub.
Qeyd edək ki, Forum Azərbaycan Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçirilib.
19:35 15.02.2025
Oxunuş sayı: 22185