Ötən il vəkillərə 5 milyon 500 manat ödəniş edilib

Ötən il dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar
vəkillərə 5 milyon 500 min manata yaxın pul ödənilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Vəkillər
Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.
Bildirilib ki, ötən il təsdiq olunmuş dövlət büdcəsi üzrə Vəkillər
Kollegiyasına göstərilən hüquqi yardımla əlaqədar 5 milyon 500 min manat vəsait
nəzərdə tutulub və 2024-cü ildə həmin vəsaitin Kollegiyaya ayrılması müvafiq
qaydada təmin olunub.
Həmçinin kollegiya tərəfindən 2024-cü il ərzində büdcə
haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət
edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət
hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin)
ödənişləri vaxtında təmin olunub.
Belə ki, hesabat ilində dövlət büdcəsində dövlət hesabına
göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi
üçün nəzərdə tutulan vəsaitlə bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə
uyğun olaraq, vəkil büroları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən
sənədlərin Kollegiyaya təqdim edilməsi ardıcıllığı gözlənilməklə cinayət
prosesini həyata keçirən orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və
məhkəmələr), o cümlədən mülki işlər üzrə qəbul olunan qərarlar əsasında dövlət
hesabına hüquqi yardıma görə 40 min 650 qərar üzrə 5 milyon 499 min 994 manat
34 qəpik (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 96 vəkil qurumuna və 37 fərdi
qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 979 vəkilə ödənişi təmin
edilib.
10:50 08.02.2025
Oxunuş sayı: 28814