Ötən il 5 min 663 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib

2024-cü il ərzində Vəkillər Kollegiyası (ARVK) tərəfindən
bütün ölkə üzrə 5 min 663 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Vəkillər
Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.
Bildirilib ki, hər il ölkədə qeyd edilən Beynəlxalq İnsan
Hüquqları Günü, Beynəlxalq Qadınlar Günü, Milli Qurtuluş Günü, Uşaqların Beynəlxalq
Müdafiəsi Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, Zəfər Günü, Vəkil
Günü və s. bayramlar münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində
Kollegiya tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.
Ümumilikdə 92 aksiya olmaqla 1600 aztəminatlı şəxsə pulsuz
hüquqi yardım göstərilib. Bu aksiyalardan 24-ü Penitensiar Xidmətin müəssisələrində
məhkumlar üçün, 3-ü Probasiya xidmətinin yerli qurumlarının qeydiyyatında olan
şəxslər üçün, 8-i Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə regionlarda və
57-si isə “Açıq qapı” Günü ilə bağlı Bakıda və regionlarda aztəminatlı şəxslər
üçün keçirilib.
Bundan başqa, ARVK və vəkil qurumlarına daxil olmuş müraciətlər
üzrə (şifahi və yazılı) 4 min 63 şəxsə pulsuz hüquqi yardım göstərilib. Belə
ki, 552 şəxs Hüquqi Yardım Mərkəzinə, o cümlədən 178 şəxs dövlət orqanları
vasitəsilə Kollegiyaya, 374 şəxs isə bilavasitə Hüquqi Yardım Mərkəzinə müraciət
edib.
10:47 08.02.2025
Oxunuş sayı: 24443