Dini dəyərlər və həmrəyliyin simvolu Provaslav Kilsəsində Milad bayramı
Azərbaycan, multikultural bir ölkə olaraq, müxtəlif dini inanclara və mədəniyyətlərə böyük hörmətlə yanaşır. Burada insanlar, öz dini bayramlarını və adətlərini təhlükəsiz və rahat şəkildə qeyd edə bilirlər.
Bu gün Provaslar Milad bayramını qeyd edirlər. Xristianlıq və onun ənənələri ilə tanış olmaq üçün kilsəyə baş çəkirik.
Provaslavlar, Qərb xristianlarından fərqli olaraq, Milad bayramını 7 yanvar tarixində qeyd edirlər. Bu fərq, təqvim dəyişiklikləri ilə bağlıdır və Qərb-Şərq xristianları arasında yaranan tarix fərqliliyindən irəli gəlir. Bakıdakı Provaslav kilsəsində, burada yaşayan xristian dininə mənsub insanlar bayramı xüsusi bir təntənə ilə qeyd edirlər.
Çöldən kilsənin qızılı, ağ rəngdəki fasadı sakitlik və müqəddəsliyin simvolu kimi görünür. Amma kilsənin içərisinə daxil olduqda, başqa bir mənzərə ilə qarşılaşırıq. Xristianlığın müqəddəs evində, bayram münasibətilə toplaşan provaslavlar öz dini mərasimlərinə başlayırlar. Müqəddəs evin içərisindəki mənəvi atmosfer, insanı dərhal cəlb edir. Kilsə ərazisinin sol tərəfində müqəddəs kitab və dini atributların satıldığı kiçik bir mağaza, sağ tərəfdə isə İsa peyğəmbərin şəklini görürük. Kilsəyə daxil olan zaman, burada iştirak edən qadınların başlarını örtdüyünün şahidi oluruq. Bu, dini hörmətin və təvazökarlığın göstəricisidir. Biz də burada onların ənənələrinə uyğun olaraq başımızı örtürük.
Kilsənin divarları müxtəlif mozaika və xristianlıq simvolları ilə bəzədilib, İsa peyğəmbər və Məryəm ananın şəkilləri, eləcə də heykəlləri kilsənin hər bir guşəsində yer alır. Bu obrazlar, müqəddəs evin ruhani və müqəddəs şəklini tamamlayır.
Kilsənin içərisindəki kiçik mağazada, şamlar və digər dini atributlar satılır. İnsanlar buradan şam alıb, dualarını etməyə başlayırlar. Biz də onların adətinə uyğun olaraq şam alır, yandırır və xüsusi şamdana qoyuruq. Dualarımızı etdikdən sonra, düşünürük ki, bu müqəddəs evdə olaraq Tanrıya daha da yaxınlaşırıq. Şamların sönmüş qalıqları, burada işləyən şəxslər tərəfindən şamdandan təmizlənir və toplanır. Şahidi olduğumuz proses maraq doğurur və şam qalıqlarının sonrakı aqibətini soruşuruq. Aldığımız cavaba görə, bu qalıqlar toplanaraq bir arada yandırılır.
Beləcə, saat 4-ü göstərir və kilsənin sönmüş işıqları bir-bir yandırılmağa başlanılır. İşıqlar yandırıldıqca, kilsənin möhtəşəm arxitekturası daha aydın görünür. Ardınca, müqəddəs evin mərkəzindəki qapı açılır və bayramın əsas mərasimi başlayır. Qapı açıldıqdan sonra, ağ libasda olan rahiblər ayin keçirməyə başlayırlar. Edilən duaların fonunda, baş rahiblər əllərindəki xüsusi qabdakı tüstünü ətrafa yayırlar. Bu an, kilsədə möhtəşəm bir sükunət və dini hüzur yaradır. İnsanlar cərgə ilə düzülüb, baş əyərək dualar edirlər.
Ayin bitdikdən sonra, bizə müqəddəs suyun olduğu bulağın yerini göstərirlər. Başlanğıcda tərəddüdlə yanaşırıq, amma sonra öyrənirik ki, Müsəlmanlar və digər dinlərin nümayəndələri də bu sudan içə bilərlər. Bu məlumatı əldə etdikdən sonra, biz də müqəddəs sudan içirik. Bu an, bizə həm dini bir təcrübə, həm də birliyin və hörmətin simvolu kimi təsir edir.
Provaslavlar Milad bayramını, təkcə bir dini bayram olaraq deyil, həm də ruhani bir təmizlənmə və Tanrı ilə yaxınlaşma anı kimi keçirirlər. Bu bayramda, dualar və ənənələr bir araya gələrək, iştirak edən hər kəsə dərin mənəvi təcrübə bəxş edir. Kilsə, burada yaşayan xristianlar üçün yalnız bir ibadət yeri deyil, həm də öz inanclarını və ənənələrini yaşatdıqları müqəddəs bir məkandır. Bu bayram, bizə Miladın qeyd olunmasının yalnız əyləncəyə dayanmadığını, eləcə də dini dəyərləri, sevgi və hörmətin əhəmiyyətini özündə əks etdirdiyini vurğulayır.
Bütün din nümayəndələrinin hər zaman ölkəmizdə bu şəkildə həmrək yaşamağını diləyərək, ənənəvi kilsə zənginin sədaları altında müqəddəs evi tərk edirik.
Banuçiçək Kalbalıyeva
Aytac Kərimova
Aysel Ağakərimova
17:50 07.01.2025
Oxunuş sayı: 9991