Ukrayna ordusuna 3 GÜNLÜK ATƏŞKƏS ƏMRİ verildiyi bildirilir
Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə cəbhə xəttində sentyabrın 5-dən 8-dək atəşkəs rejiminə riayət etmək barədə əmr verildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Ukrainskaya Pravda” bu barədə məlumat yayıb.
Nəşrin müxtəlif istiqamətlərdə yerləşən bir neçə briqadadakı mənbələrinə, eləcə də təhlükəsizlik blokunda yüksək vəzifəli şəxsin məlumatına görə, əmr sentyabrın 5-i saat 00:00-dan sentyabrın 8-i saat 23:59-dək qüvvədə olacaq.
Ukrayna Prezident Ofisi bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin ölkəyə səfəri müddətində Rusiya ərazisinə hava zərbələrini dayandırmaq niyyətində olduqlarını açıqlamış və Moskvaya da eyni addımı atmağı təklif etmişdi. Lakin həmin açıqlamalarda cəbhədə atəşkəsdən söhbət getmirdi.
ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin şənbə günü Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, bazar günü isə Kiyevdə Zelenski ilə görüşməsi gözlənilir.
“The New York Times” mənbələrinə istinadən daha əvvəl yazıb ki, Vaşinqton Moskva və Kiyevi xüsusi nümayəndələrin səfərindən əvvəl qarşılıqlı zərbələri müvəqqəti dayandırmağa çağırıb.
11:11 05.09.2026
Oxunuş sayı: 56