Gənclər üçün yeni iş imkanları yaradılır
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr regionların iqtisadi potensialının artırılmasına və sahibkarlıq mühitinin genişləndirilməsinə xidmət edir. Bu baxımdan Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirakı da layihənin əhəmiyyətini bir daha nümayiş etdirir.
310 hektar ərazini əhatə edəcək sənaye parkında müasir infrastrukturun yaradılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılması nəzərdə tutulur. Layihənin reallaşdırılması Naxçıvanda məşğulluğun artırılması, yerli istehsalın genişləndirilməsi, investisiyaların cəlb olunması və regionun iqtisadi potensialından daha səmərəli istifadə baxımından mühüm imkanlar yaradır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, Naxçıvan Sənaye Parkının yaradılması regionun sosial-iqtisadi inkişafına, sahibkarlığın genişlənməsinə və yeni istehsal sahələrinin formalaşmasına mühüm töhfə verə bilər: “310 hektar ərazini əhatə edəcək sənaye parkı Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşəcək. Parkın ərazisində elektrik və istilik enerjisi, qaz, su, rabitə və nəqliyyat infrastrukturu ilə yanaşı, istehsal, inzibati və sosial obyektlərin yaradılması nəzərdə tutulur. Bu isə gələcəkdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcək sahibkarlar üçün əlverişli biznes və istehsal mühitinin formalaşmasına imkan verəcək. Naxçıvan Sənaye Parkının yaradılması ilk növbədə yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət daşıyır. Yeni müəssisələrin fəaliyyətə başlaması regionda məşğulluğun artmasına, xüsusilə gənclərin müxtəlif sənaye sahələrində iş imkanlarının genişlənməsinə şərait yaradacaq. Bununla yanaşı, yeni istehsal sahələri peşəkar kadrların hazırlanmasına və əmək bazarında yeni ixtisaslara tələbatın formalaşmasına da təkan verəcək”.
Deputat əlavə edib ki, layihənin digər mühüm üstünlüyü yerli istehsalın genişləndirilməsi və investisiyaların cəlb olunmasıdır: “Sənaye parklarında sahibkarlar üçün zəruri infrastrukturun əvvəlcədən yaradılması onların istehsal müəssisələrinə sərmayə yatırmasını asanlaşdırır. Naxçıvan Sənaye Parkına potensial sahibkarların cəlb olunması istiqamətində artıq danışıqların aparılması da gələcəkdə burada müxtəlif istehsal layihələrinin reallaşdırılacağına əsas verir. Sənaye parklarının əhəmiyyəti yalnız yeni müəssisələrin yaradılması ilə məhdudlaşmır. Bu parklar iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, ixracın artırılmasına və regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir. Müxtəlif müəssisələrin eyni ərazidə fəaliyyət göstərməsi onların bir-biri ilə əməkdaşlığını, istehsal zəncirlərinin formalaşmasını və yeni biznes təşəbbüslərinin yaranmasını stimullaşdırır. Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən sənaye parklarının nəticələri də bu modelin effektivliyini göstərir. Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Mövcud göstəricilər sənaye parklarının Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynadığını göstərir. Naxçıvan Sənaye Parkının yaradılması isə bu prosesin muxtar respublikada yeni mərhələyə keçməsinə imkan verəcək. Belə ki, Naxçıvanın əlverişli coğrafi mövqeyi, nəqliyyat imkanları və mövcud iqtisadi potensialı nəzərə alındıqda, sənaye parkının gələcəkdə həm daxili bazar, həm də ixrac istiqamətində fəaliyyət göstərən müəssisələrin formalaşmasına mühüm töhfə verməsi mümkündür. Burada istehsalın genişlənməsi Naxçıvanın iqtisadi fəallığının artmasına, sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinin yüksəlməsinə xidmət edəcək”.
Zeynəb Həsən
18:30 14.08.2026
Oxunuş sayı: 49