Azərbaycanda bu canlının nəsli tükənir - ölkələr həyəcan təbili çalır
İranda Xəzər suitilərinin sayının sürətlə azalması ilə bağlı həyəcan təbili çalınır. Xəzərin yeganə məməli canlısı olan bu heyvanların yox olmaq təhlükəsi ilə üz-üzə qalması dənizdəki ekoloji vəziyyətlə bağlı ciddi suallar yaradır. Bəs Xəzər suitilərinin sayının azalmasının əsas səbəbləri nələrdir? Dənizin çirklənməsi, qida ehtiyatlarının azalması və iqlim dəyişiklikləri bu prosesə necə təsir edir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli qeyd edib ki, Xəzərdə suitilərlə bağlı ciddi problem var və bu problem illərdir yaşanır: “Nə yazıq ki, bunun qarşısını almaq haradasa mümkün deyil. Çünki suitilərin bura Şimal Buzlu okeanından, yəni Şimal qütbündən gəldiyi hesab olunur. Və yaxud da Tetis okeanı dövründən qalan, milyon illik tarixə malik canlılardır”.

Ekoloq qeyd edib ki, bu canlıların burada nəsli kəsilməyə başlayır: “Bu gün bu heyvanların sayının azalması, inşallah ki, tamamilə nəsli kəsilməyə gətirib çıxarmaz. Çünki bu, həm Xəzərin çirklənməsi ilə bağlıdır. Vaxtilə burada neft çirklənmələri və kimyəvi çirklənmələr çox olub. Heyvanların, suitilərin qidalanma problemi var və sair. Amma bu gün də, havanın isinməsi, iqlim dəyişiklikləri ilə bağlı havanın temperaturunun artması nəticəsində suyun da temperaturu artıb. Bu da bu heyvanların, bu canlıların həyat tərzinə təsir edir. Amma daha çox bunu çirklənmə ilə əlaqələndirirəm. Çünki suların o qədər qızması müşahidə olunmur. Xüsusən Xəzərin şimal hissəsində yaşayan suitilər baxımından iqlim dəyişikliyini bəhanə gətirib bu heyvanların ölümünü izah etmək olmaz. Xəzərdə qidalar azalıb və canlıların eyni zamanda vaxtilə məhv olunması da bunun səbəblərindəndir. Ekosistemə təsirinə gəldikdə isə suitilər dənizdə müəyyən təmizləmə funksiyasını yerinə yetirirdi. Və bu canlının yox olması problemlər yarada bilər”.
Ayhan
14:30 13.08.2026
Oxunuş sayı: 45