Yas və toy mərasimindəki təmtəraq sizi faciəyə apara bilər
Azərbaycanda toy və yas mərasimlərinin dəbdəbəli keçirilməsi artıq bir çox ailələr üçün adətə, hətta sosial rəqabətə çevrilib. Maddi imkanından asılı olmayaraq, kasıb da, varlı da cəmiyyətin gözləntilərinə uyğun görünmək üçün bəzən öz büdcəsini aşan xərclərə gedir. Bəs bu ənənə haradan qaynaqlanır? İnsanlar niyə ən xoşbəxt günlərini sadə və səmimi şəkildə deyil, böyük xərclər hesabına qeyd etməyə üstünlük verirlər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev qeyd edib ki, çox təəssüf bizim cəmiyyətin sosial xarakterində göstəri xarakterli bu tendensiyalar var: “Bizim insanlarımızda toylarını və hətta yas mərasimlərini təmtəraqlı keçirmək həvəsi var. Bu da sosial auditoriya hesablanmış bir yarış formasında özünü göstərir. Bizim cəmiyyətin sosial xarakterində bu var. Ancaq biz dini dəyərlərimizdə də görürük ki, insan xoş günlərini çox da təmtəraqlı keçirməməlidir. Və xoşbəxtlik toyların təmtəraqlı, təmtənəli şəkildə keçirilməsi ilə deyil, anlayışlı ailə qurmaqla, sevgiyə əsaslanan, inama əsaslanan, güvənə əsaslanan ailə qurmaqla ölçülür, ölçülə bilər”.

Sosioloq qeyd edib ki, dəfələrlə nümunələr görmüşəm ki, dəbdəbəli, təmtəraqlı toy mərasimləri keçirilir, amma qısa zaman keçdikdən sonra həmin cütlük, məsələ hesablanmadan qurulmuş ailə olduğuna görə ayrılırlar: “Yəni, bu təmtəraqlı sosial auditoriyaya hesablanmış mərasimlərdən qaçmaq lazımdır. Büdcəyə uyğun, imkanlara uyğun mərasimlər keçirmək lazımdır. Bəzən insanlar qonşudan geri qalmamaq düşüncəsi ilə təmtəraqlı, dəbdəbəli toylar keçirirlər, sonra ailə böyük maliyyə böhranı ilə qarşılaşır. Ailə böyük faizli kreditlər götürür və kreditlər bu ailənin büdcəsini çökdürür. Bu da onların arasındakı münasibətlərə, ailədaxili konfliktlərə gətirib çıxara bilir. Ona görə bu olmasın deyə, insanlar arzularını imkanlarına uyğun şəkildə formalaşdırmalıdırlar və öz imkanlarına uyğun yol xəritəsi seçməlidirlər. Mərasimləri də məhz bu əsaslarla keçirməlidirlər”.
Ayhan
13:30 13.08.2026
Oxunuş sayı: 47