Ölkədəki təhlükəsizlik cəmiyyətimizlə əlaqəlidir - Rəy
Ermənistanda cinayətlərin sayının Azərbaycandan təxminən 5 dəfə çox olması diqqəti bir daha qonşu ölkədə cinayətkarlığın hansı amillərin təsiri ilə artdığını gündəmə gətirir. Bu fərq təkcə statistik göstərici deyil, həm də cəmiyyətin sosial-psixoloji vəziyyəti, iqtisadi durum və hüquq-mühafizə sisteminin fəaliyyəti ilə bağlı bir sıra suallar yaradır.
Bəs Ermənistanda cinayətlərin bu qədər çox olmasının əsas səbəbləri nələrdir? Məğlubiyyət sindromu və cəmiyyətdə yaranan psixoloji gərginlik cinayətkarlığın artmasına təsir göstərə bilərmi?
Təhlükəsizlik eksperti İlham İsmayıl Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu mövzuda araşdırma aparmaq üçün gərək əvvəlcə bu cinayətlərin xarakteristikasını biləsən ki, daha çox hansı istiqamətdədir, onun xarakteristikasını bilib, səbəblərini göstərəsən.

Qeyd edim ki, Ermənistanda cinayətlərin sayı nə qədər çox olsa da, bunun Azərbaycana heç bir təsiri yoxdur. Yəni aramızda faktiki olaraq gediş-gəliş olmadığı üçün bunun bizə heç bir təsiri yoxdur. Məsələn, əgər Gürcüstanla əlaqələr açıqdırsa, gediş-gəlişlər varsa, İranla əlaqələr mövcuddursa, ola bilsin, orada həmin ölkələrə hansısa şəkildə cinayətkarların sızması və cinayət əməllərini orada davam etdirməsi olsun. Amma bunun Azərbaycana heç bir təsiri yoxdur. O cümlədən Türkiyə ilə də sərhədimiz yoxdur”.
Ekspert qeyd edib ki, bunu Azərbaycanda hüquq-mühafizə orqanlarının fəaliyyəti, səmərəli fəaliyyəti ilə əlaqələndirmək düzgün deyil: “Cəmiyyətdə baş verən hər hansı prosesin müəyyən dərəcədə təsiri var. Hər halda, o məsələnin psixoloji tərəfini qeyd etmək olar ki, məğlub ölkə sindromunu insanların canından çıxartmaq çətin məsələdir. İnsanların böyük ruh düşkünlüyü yaranır və bəzən bu səbəbdən cinayətə meyilli olurlar, əsəbi olurlar. Ümumiyyətlə götürsək, deyək ki, oğurluqmu çoxdur, adam öldürməmi çoxdur? Yəni o cinayətin mütləq xarakteristikasını bilmək lazımdır ki, dəqiq cavab verilsin”.
Ayhan
13:00 13.08.2026
Oxunuş sayı: 50