Mikayıl Müşfiqin repressiyada öldürülənlər siyahısında adı yoxdur
Azərbaycanın gənc və istedadlı şairi Mikayıl Müşfiqin repressiyada ölməməsi ilə bağlı iddialar davam edir. Gənc şairin repressiyadan hansısa şəkildə qurtularaq Moskvaya köçdüyü və ömrünün sonuna qədər orada yaşadığı bildirilir.
Mövzu ilə bağlı professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun şöbə müdiri Asif Rüstəmli Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Mikayıl Müşfiqin gənclik eşqi ilə ömrünün, bədii yaradıcılığının coşub çağlayan vədəsində onu “İşıqlı dünyadan əl çəkməyə” vadar edən mənfur qüvvələr 1937-ci il 4 iyun, gecə saat 3-də həbs etdilər: “Mənzildən atasına və özünə məxsus əlyazmaları, arxiv sənədləri, Türkiyədə və İranda çap olunmuş kitabları müsadirə olunub. Adına 12493/116 saylı İstintaq işi açıldı. Şair “Əksinqilabçı, millətçi təşkilatın üzvü” olmaqda günahlandırılırdı. Aylarla davam edən dözülməz işgəncələrdən sonra Müşfiq 25 oktyabr 1937-ci il tarixində istintaqa günahını “etiraf” etdi: “1935-ci ildə “Əbədiyyət nəğməsi” və “Mingəçevir” adlı iki irihəcmli şeir yazdım. Hər iki şeirdə mən üstüörtülü şəkildə Azərbaycanın ağır vəziyyətdə olduğuna işarə vururdum.”
Müşfiq haqqında “Repressiya və Ədəbiyyat” adlı məqaləmdə də yazmışam. Əslində Azərbaycanda repressiya 1920-ci ildən, bolşeviklərin işğalı ilə başlayır. Fikrimcə, ilk repressiya qurbanlarından biri Azərbaycan ədəbiyyat tarixinin atası Firudin bəy Köçərlidir, 1920-ci ildə, may ayında Gəncədə vəhşicəsinə güllələnmişdir.
Azərbaycanda repressiya sovet dövründə həmişə olub. 1920-ci ildən başlayır və 1990-cı ilin qanlı yanvar günlərinə qədər davam edir. məsələn, Xəlil Rza Ulutürkün Lefortovo həbsxanasında qaldığı dönəmdə şiddətlənib. Elə dövr olub ki, repressiya pik nöqtəyə qalxıb. Məsələn, 1937-ci il buna ən bariz misaldır”.

Professor qeyd edib ki, xüsusilə 1937-1939-cu illərdə Azərbaycan xalqının dəyərli oğulları, o cümlədən çoxsaylı alimlər, şairlər, yazıçılar, ədəbiyyat və incəsənət xadimləri, dövlət adamları, ziyalılar amansız repressiyanın qurbanı olmuşlar: “Onlardan biri də Mikayıl Müşfiqindir. Hətta, sevimli həyat yoldaşı Dilbər xanım da repressiya olunanların sırasındadır. Onu da qeyd edək ki, bolşevik zülmünə düçar olunan Azərbaycanlı anaların, qadınların sayı üç mindən çoxdur. Mikayıl Müşfiqin güllələnməsi ilə bağlı məhkəmənin 5 yanvar 1938-ci il tarixli qərarı var, Bəzi mənbələrdə onun yanvarın 6-dan 7-nə keçən gecə güllələndiyi haqqında məlumatlar mövcuddur. Bəzi müşfiqsevər araşdırmaçıların şəxsi fikirlərini fərqli müstəvidə interperetasiya etməsi bəzən mübahisələrə rəvac verir. Sosial şəbəkələrdə tez-tez vurğulanan mövzulardan biri də Müşfiqin güllələnməsi məsələsinə skeptik yanaşılmasıdır. Bununla bağlı bildirim ki, görkəmli şair Mikayıl Müşfiq yaradıcılığının qaynar çağında - 1937-ci il 4 iyun tarixində NKVD əməkdaşları tərəfindən həbs olunub və 1938-ci il yanvarın 5-də məşum “Üçlük” tərəfindən haqqında güllələnmə hökmü çıxarılıb. Ertəsi gün yanvarın 6-dan 7-nə keçən gecə güllələndiyi müxtəlif mənbələrdə vurğulansa da Təhlükəsizlik İdarəsinin baş leytenantı Suxanovun başçılığı ilə güllələnən repressiya qurbanlarının siyahısına daxil edilməmişdir. Bu faktın özü də sevimli şairimizin qanlı repressiyanın caynağından qurtulduğuna əsas vermir”.
Ayhan
11:00 13.08.2026
Oxunuş sayı: 51