Dibçək güllərinizin ömrünü uzatmaq üçün bunları edin
Mağazalarda və gül dükanlarında sağlam və çiçəklənən görünən bitkilərin evə gətirildikdən qısa müddət sonra solması tez-tez rast gəlinən haldır. Bunun səbəbi yalnız suvarma ilə bağlı olmaya bilər. İşıq, temperatur, rütubət, torpağın xüsusiyyətləri və bitkinin əvvəlki şəraitə uyğunlaşması da onun ev şəraitində vəziyyətinə təsir göstərir.
Biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Quliyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, bitkilərin uzunömürlü olması onların yetişdirildiyi mühit və düzgün qulluqla bağlıdır: “Bu güllər Hollandiya sortlarıdır, Hollandiyadan, yəni xaricdən gətirilən güllərdir. Yerli güllər isə daha uzunömürlü olur. Həmin bitkilər satıldıqdan sonradan da yaşayır. Çünki onlar öz torpağımızda, mühitimizdə və iqlim şəraitimizdə yetişdirilib. Buna görə də daha davamlı olurlar. Amma xaricdən gətirilən bitkilərdə müəyyən müddətdən sonra yarpaqlarda qaralma, çürümə və digər problemlər yaranmağa başlayır. Bu, müəyyən mənada bizneslə də əlaqəlidir. Bitki sıradan çıxmalıdır ki, yenisi satılsın və bu proses davam etsin. Lakin bunun əks nümunələri də var. Üç il bundan əvvəl satılan elə bitkilər var ki, həmin insanlar bu gün də onların yaşadığını deyirlər. Bir il əvvəl satılan başqa bir bitkinin sahibi isə bildirir ki, ona lazımi qulluq göstərə bilməyib və bitki 6-7 aydan sonra quruyub. Elə insanlar da var ki, bitkinin şəklini göndərirlər və baxıram ki, bitki daha da böyüyüb”.
Bioloq qeyd edib ki, bacıma zamiokulkas əkib vermişdim: “Kiçik bir hissəsini əkmişdim, sonradan balaca bir bitki inkişaf etdi. İndi isə kifayət qədər böyüyüb və qabını da dəyişmişik. Əvvəla, bitkiyə gübrə vaxtında verilməlidir. Ən azı 9 aylıq təsir müddəti olan gübrələr var. Nümunə olarQ “Osmocote” ni deyə bilərəm. Belə gübrələrdən istifadə edildikdə bitkinin inkişafını və sağlamlığını qorumaq mümkündür. Bitki yarıişıqlı yerdə saxlanılmalıdır. Onu nə birbaşa günəş şüalarının altında, nə də tam kölgədə saxlamaq məsləhətdir. Yarıişıqlı mühit daha uyğundur. Qış aylarında evlərdə temperatur yüksək ola bilir. Ümumiyyətlə, otaq bitkiləri üçün 16-18 dərəcə temperatur daha əlverişlidir. Temperatur bundan yüksək olduqda yarpaqların kənarları qurumağa və saralmağa başlayır. Belə halda bitkinin su və rütubət ehtiyacına da diqqət yetirmək lazımdır. Temperaturun tez-tez dəyişməsi, yəni yüksəlib-enməsi də bitkiyə təsir göstərir. Xaricdə yetişdirilmiş və sonradan ölkəmizə gətirilən bitkilər bəzən yeni mühitə uyğunlaşa bilmirlər və tədricən məhv olurlar. Bunun müxtəlif səbəbləri ola bilər. Lakin xaricdən gətirilib uzun müddət yaşayan bitkilər də var. Hollandiya sortlarından olan anturium və spatifilliumlar çox gözəl çiçəkləyir. Lakin müştəri belə bir bitkini aldıqdan bir neçə ay sonra bildirir ki, bitki əvvəlki kimi inkişaf etmir, xırdalaşıb və sanki inkişaf etməyə gücü çatmır. Təcrübəmdən deyə bilərəm ki, dibçəyin alt hissəsini boş saxlayıram, bitkinin yarpaqlarına su çiləyirəm, vitamin və gübrə verirəm. Bundan əlavə, bitkinin yerləşdiyi şəraitə də diqqət edirəm. Məsələn, bir müddət əvvəl bitkilərimdən birinin yarpaqlarının saraldığını gördüm. Onu həyətə, dam örtüyünün altına yerləşdirdim və bir müddət orada saxladım. Dediyim kimi, yerli şəraitdə yetişdirilən bitkilər, əsasən, daha davamlı olur. Mağazalara xaricdən, xüsusilə də Hollandiyadan gətirilən bitkilərdə isə bəzən belə problemlər müşahidə olunur. Bunun biznes tərəfi də var. Bitki sıradan çıxdıqda yenisinin alınması zərurəti yaranır. Nəticədə satış prosesi davam edir”.
S.Quliyeva qeyd edib ki, bitkinin uzun müddət sağlam qalmasında onun düzgün əkilməsi və uyğun torpaq qarışığından istifadə edilməsi də mühüm rol oynayır: “Bitkinin əkilməsi də çox önəmlidir. Məsələn, bitkini bir dibçəkdən digərinə köçürərkən, xüsusilə Hollandiyadan gətirilən bitkilərdə mən heç vaxt kökünə müdaxilə etmirəm. Bitkini plastik qabdan olduğu kimi çıxarıb saxsı dibçəyə yerləşdirirəm. Bəzən bitki köçürüldükdən sonra dibçəyin kənarlarında boşluq qalır və həmin boşluqları torpaqla doldurmaq lazım gəlir. Bu zaman perlitdən, kokavitdən və torfdan istifadə edirəm. Bu qarışığın nisbəti bitkinin növündən asılı olaraq dəyişir. Bəzi bitkilərdə perliti daha çox, bəzilərində isə daha az istifadə edirəm. Ümumiyyətlə, bitkinin inkişafı onun düzgün əkilməsindən də çox asılıdır. Əkin zamanı torpağın, torfun və perlitin uyğun nisbətdə qarışdırılmasına diqqət yetirmək lazımdır. Mən kokavitdən də geniş istifadə edirəm. Kokavitdən istifadə etdikdə bitkinin kök hissəsində torpaq daha yumşaq olur və quruma prosesi gecikir. Buna görə də onun da bitkinin inkişafında mühüm rolu var. Bunu da nəzərə almaq lazımdır”.
Zərnigar Hüseynli
10:00 13.08.2026
Oxunuş sayı: 55