“20 Yanvar qəhrəmanlıq səlnaməsidir” mövzusunda dəyirmi masa keçirilib
Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə yanvarın 19-da “20 Yanvar qəhrəmanlıq səlnaməsidir” mövzusunda dəyirmi masa keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətini, qəhrəmanlıq salnaməsi kimi əhəmiyyətini gənc nəslə çatdırmaq, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.
Tədbiri giriş sözü ilə açan Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri, fəlsəfə doktoru Hüseyn İbrahimov bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli və eyni zamanda ən faciəli səhifələrindən biridir. O qeyd edib ki, həmin qanlı gecədə xalqımız böyük itkilər versə də, azadlıq iradəsindən dönməyərək milli həmrəylik və vətən sevgisinin misilsiz nümunəsini nümayiş etdirib. Hüseyn İbrahimov vurğulayıb ki, 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulması, onların keçdiyi qəhrəmanlıq yolunun gənclərə düzgün şəkildə çatdırılması milli-mənəvi dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Dəyirmi masada çıxış edən siyasi ekspert və QHT sədri Taleh Əliyev 20 Yanvar hadisələrinin tarixi və siyasi aspektlərinə toxunaraq bildirib ki, həmin faciə Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi ağır cinayətlərdən biri olmaqla yanaşı, ölkəmizin müstəqillik yolunda dönüş nöqtəsinə çevrilib. Ekspert qeyd edib ki, xalqın göstərdiyi əzm və iradə sonrakı illərdə dövlət müstəqilliyimizin bərpasına mühüm zəmin yaradıb və bu hadisələr Azərbaycanın müasir tarixində xüsusi yer tutur.
Dosent Mahir İbrahimov isə çıxışında 20 Yanvarın milli özünüdərk prosesinə təsirindən danışıb. O bildirib ki, bu hadisələr Azərbaycan xalqının azadlıq arzularını daha da gücləndirib, milli birlik və həmrəylik hissini möhkəmləndirib. Dosent vurğulayıb ki, şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik, fədakarlıq və dövlətçilik ənənələrinin təbliği baxımından mühüm örnəkdir.
Tədbirdə iştirak edən digər çıxışçılar da 20 Yanvar faciəsinin beynəlxalq hüquqi-siyasi qiymətləndirilməsi, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində bu tarixi hadisənin rolu, milli yaddaşın qorunması və tariximizin gələcək nəsillərə obyektiv şəkildə çatdırılmasının vacibliyi ilə bağlı fikirlərini bölüşüblər.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib. Tədbir iştirakçıları belə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin milli dəyərlərin qorunmasına, tarixi həqiqətlərin təbliğinə və gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.
14:10 19.01.2026
Oxunuş sayı: 23