Qarpız, yoxsa qovun? Qan şəkəri olanlar mütləq oxusun
Yay mövsümünün vazkeçilməz meyvələri olan qarpız və qovun tez-tez tərkibindəki təbii şəkərə görə müzakirə olunur.
Crossmedia.az-ın xəbərinə görə dəniz mövsümündə xüsusilə qan şəkərini nəzarətdə saxlamaq istəyən insanlar arasında bu meyvələrdən hansının daha uyğun olduğu sualı maraq doğurur.
Araşdırmalar göstərir ki, qovun yüksək su və lif tərkibi sayəsində həzm prosesini nisbətən yavaşlada və qan şəkərinin daha tədricən yüksəlməsinə kömək edə bilər. Qovunun qlisemik indeksi orta səviyyədə olsa da, bir porsiyada karbohidrat miqdarı az olduğu üçün onun qlisemik yükü aşağı hesab edilir.
Mütəxəssislər bildirirlər ki, qovun qarpızla müqayisədə daha çox lif ehtiva etdiyindən qan şəkərinin sabit qalmasına müəyyən üstünlük verə bilər. Bununla belə, bu fərqin gündəlik qidalanmada əksər insanlar üçün ciddi əhəmiyyət daşımadığı vurğulanır.
Qeyd edək ki, qarpızın qlisemik indeksi qovundan bir qədər yüksək olsa da, qan şəkərinə təsir edən əsas amillər meyvənin porsiya ölçüsü və hansı qidalarla birlikdə qəbul edilməsidir. Yəni kiçik porsiyada və balanslı qidalanma çərçivəsində qəbul edilən hər iki meyvə sağlam insanlar üçün ciddi risk yaratmır.
Araşdırmalara görə, bütöv meyvələrin rasiondan tamamilə çıxarılması düzgün yanaşma deyil. Əksinə, müntəzəm və normaya uyğun meyvə istehlakı ümumi qlikemik nəzarətin yaxşılaşmasına kömək edə, həmçinin 2-ci tip diabet riskinin azalmasına dəstək verə bilər.
Təxminən bir stəkan qarpız və ya qovun 15 qramdan az karbohidrat ehtiva etdiyindən, bu miqdar diabeti olmayan insanların əksəriyyətində qan şəkərinin kəskin yüksəlməsinə səbəb olmur.
Bununla yanaşı, hər bir insanın orqanizmi karbohidratlara fərqli reaksiya verdiyi üçün qidalanma zamanı fərdi xüsusiyyətlər nəzərə alınmalıdır. Bu səbəbdən də meyvələrin qəbulundan sonra orqanizmin reaksiyasını izləmək və lazım gəldikdə qidalanma rejimini buna uyğun tənzimləmək tövsiyə olunur.
Məhəbbət Tərlanoğlu
20:20 28.07.2026
Oxunuş sayı: 46