Novella Cəfəroğlundan sərt açıqlama: İnsanlar nə qəzet oxuyurlar, nə də…
Son illərdə elektron xidmətlərin geniş yayılması ilə elektron imzadan istifadə halları da artıb. Bununla yanaşı, elektron imzanın başqalarına verilməsi və ondan düzgün istifadə edilməməsi müxtəlif hüquqi və təhlükəsizlik riskləri yaradır. Mütəxəssislər hesab edirlər ki, bu sahədə əsas problemlərdən biri vətəndaşların elektron imza ilə bağlı kifayət qədər məlumatlı olmamasıdır.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib: "Əslində, elektron imza ilə bağlı insanlara hər şeyi maddə-maddə izah etmək lazımdır. Elektron imzanın nə olduğu, onunla necə işləmək lazım gəldiyi ətraflı şəkildə izah edilməlidir. Çünki insanlar nə qəzet oxuyurlar, nə də qanunlarla tanış olurlar. Buna görə də bu məsələləri vətəndaşlara çatdırmadan onlardan hər şeyi bilmələrini gözləmək düzgün deyil. Bütün bunlar insanlara izah olunmalıdır. Bu iş televiziya və media vasitəsilə aparılmalıdır. Siz jurnalistlər də insanlardan soruşun ki, elektron imza haqqında nə bilirlər. Məhz bu cür maarifləndirici üsullarla elektron imzanın əhəmiyyətini insanlara yenidən çatdırmaq və ona olan etimadı artırmaq mümkündür”.
Zeynəb Həsən
17:30 28.07.2026
Oxunuş sayı: 59