Qəhvə sevənlərin diqqətinə: Bu saatlarda içməyin
Son günlər qəhvə və çayın ömrü uzatması ilə bağlı müxtəlif araşdırmalar geniş müzakirə olunur. Bəzi elmi tədqiqatlarda bu içkilərin müntəzəm istifadəsinin ürək-damar xəstəlikləri riskini azaltdığı, orqanizmin ümumi sağlamlığına müsbət təsir göstərdiyi qeyd edilir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, bu məhsulların faydası onların düzgün vaxtda və normaya uyğun qəbul edilməsindən asılıdır. Xüsusilə kofein tərkibli içkilərin həddindən artıq istifadəsi və ya yanlış vaxtda qəbul edilməsi sağlamlıq üçün müəyyən risklər yarada bilər. Ekspertlər bildirirlər ki, bu sahədə səsləndirilən iddialar yalnız elmi araşdırmalar əsasında qiymətləndirilməli və ictimaiyyətə dəqiq məlumat təqdim olunmalıdır.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan qida mütəxəssisi Seymur Qafarov bildirib: "Bildiyiniz kimi, günlük istifadədə kofein miqdarına çay və qəhvədə diqqət yetirmək lazımdır, eyni zamanda energetik içkilərdə də. Daha çox günlük həyatımızda istifadə etdiyimiz çay və qəhvələr sözsüz ki, müəyyən bir miqdar çərçivəsində qəbul olunmalıdır və günün erkən saatlarında acqarına şəklində qəbul olunmamalıdır. Bu səbəbdəndir ki, bu məhsulları qəbul eləyən zaman həm qida təhlükəsizliyi nöqteyi-nəzərindən, həm onların qəbul miqdarı nöqteyi-nəzərindən diqqət yetirmək lazımdır. Energetik içkilərlə bağlı olaraq tərkibindəki kofeinə görə 250 millilitr vahid göstərilir. Qəhvə və çay isə gün ərzində bir neçə fincanı keçməməlidir. Eyni zamanda günün axşam saatlarında yuxusuzluq gətirməsi səbəbindən də qəhvə içilməsi tövsiyə olunmur. Bu, həmçinin gecə saatlarında insan yuxuda olan zaman qidanın həzm olunmasına müəyyən maneçilik yarada bilər. Bunun xaricində bu məhsulların hər hansısa bir tədqiqat nəticəsində insanın ömrünün uzanmasına müsbət və ya mənfi təsir verməsi mütləq araşdırma əsasında təyin olunmalıdır və bu araşdırma ictimaiyyətlə bölüşülməlidir".
Zeynəb Həsən
13:00 28.07.2026
Oxunuş sayı: 46