Səməd Vurğun Poeziya Evində MEK-in elektron resursunun təqdimatı keçirilib
Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun Poeziya Evində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr etdiyi elektron resursunun təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, bu məqsədlə MEK-in bir qrup əməkdaşı Qazaxa ezam olunublar.
Təqdimat zamanı öncə Səməd Vurğun Poeziya Evinin direktoru Mətanət Rəhimova qonaqları salamlayaraq, ölkə başçısının Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini xüsusi vurğulayıb. O, şairin zəngin ədəbi irsinin hər zaman dövlət səviyyəsində yüksək qiymətləndirildiyini bildirərək, bu cür tədbirlərin şairin yaradıcılığının dərindən öyrənilməsində, təbliğində və gənc nəslə milli-mənəvi dəyərlərin aşılanmasındakı müstəsna rolunu qeyd edib.
MEK-in direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev çıxışı zamanı Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun adından tədbir iştirakçılarını salamlayıb. O, son illərdə kitabxananın informasiya xidmətlərinin kökündən yenilənərək rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, 2024-cü ilin sentyabrında AMEA prezidentinin iştirakı ilə kitabxananın yenilənmiş saytı və elektron kitabxanası istifadəyə verilib, 2025-ci ilin iyulunda isə onun daha geniş funksionallıqlarla təkmilləşdirilmiş versiyası təqdim olunub.
O. Quliyev diqqətə çatdırıb ki, Azərbaycan elm və mədəniyyət xadimlərinin zəngin irsini rəqəmsal mühitdə qorumaq, gələcək nəsillərə ötürmək və geniş oxucu kütləsinə çatdırmaq məqsədi ilə kitabxanada hazırlanan elektron məlumat bazaları xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan “Akademik Zərifə Əliyeva”, “Bəxtiyar Vahabzadə” elektron bazaları görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, elmi-ədəbi irsini sistemli şəkildə bir araya gətirərək tədqiqatçılar və geniş oxucu kütləsi üçün əlçatan edir. O, bildirib ki, görülən işlərin davamı olaraq, bu yaxınlarda Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə şairin zəngin həyat və yaradıcılığına həsr olunmuş yeni elektron resurs hazırlanaraq MEK-in saytına inteqrasiya edilib və oxucuların istifadəsinə verilib. Çıxışçı məlumat bazasının hazırlanmasında MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun və Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin baş mütəxəssisi fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Azad Qurbanovun müstəsna rolunu xüsusilə vurğulayaraq qeyd edib ki, layihə ilə MEK-in saytındakı "E-xidmətlər" bölməsinin "E-layihələr" hissəsində tanış olmaq mümkündür.
Sonda O.Quliyev məlumat bazasının yazıldığı yaddaş kartını Poeziya evinin direktoruna hədiyyə edib.
Daha sonra MEK-in Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva Səməd Vurğun məlumat bazasının təqdimatını edib. O, qeyd edib ki, bazada şairin müəllifi olduğu, eləcə də həyat və yaradıcılığına həsr edilmiş 100-ə yaxın kitab, 21 avtoreferat, 21 video, 109 şəkil, 4 film və tamaşa, həmçinin 97 məqalə, 27 tərcümə əsəri və təqribən 200-ə yaxın şeirin PDF formatı yerləşdirilib. Həmçinin, bazaya 6 sənədli-publisistik film, şeirləri əsasında bəstələnmiş 17 mahnı və MEK əməkdaşı Nailə Əmiraslanın səsləndirdiyi 32 audioşeir daxil edilib.
Tədbirdə iştirak edən Arxiv şöbəsinin müdiri Rəqsanə Nağıyeva S.Vurğunun yaradıcılığı, elmi və ədəbi irsi haqqında ətraflı məlumat verərək vurğulayıb ki, şairin zəngin bədii irsi yalnız dünənin və bugünün deyil, həm də gələcək nəsillərin milli ruhda, vətənə və torpağa sonsuz məhəbbət duyğuları ilə yetişməsində əvəzsiz və böyük rol oynayır. O, həmçinin şairin əsərlərinin hər zaman aktual olduğunu və xalqımızın mənəvi xəzinəsində xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Sonra “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Qarabağ qazisi Əvəz Sofoğlu şairin zəngin bədii yaradıcılığından və Qazax ədəbi mühitinin formalaşmasındakı xidmətlərindən bəhs ediblər. Əvəz Sofulu Səməd Vurğuna həsr etdiyi şeirini səsləndirib.
AYB Qazax regional bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal çıxış edərək MEK tərəfindən hazırlanan məlumat bazasını yüksək qiymətləndirib və milli-mənəvi irsin qorunmasındakı misilsiz fəaliyyətinə görə kitabxana rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Tədbir Həsən Salahlının rəhbərlik etdiyi “Gənc aşıqlar qrupu”nun ifası və şair Səməd Vurğunun sözlərinə yazılmış mahnı və şeirlərin şagirdlər tərəfindən səsləndirilməsi ilə davam edib.
Tədbirdən sonra iştirakçılar Səməd Vurğun Poeziya Evi ilə yaxından tanış olaraq buradakı eksponatlar haqqında məlumat alıblar.
12:31 24.07.2026
Oxunuş sayı: 44