Türkiyədə ana müxalifət parçalanır: Hakimiyyət hansı addımı atacaq?
Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) baş verən proseslər ölkənin siyasi gündəmini dəyişməkdə davam edir. Partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlunun yenidən sədrliyə qayıtması və Özgür Özəlin yeni siyasi hərəkat yaratmağa hazırlaşdığı ilə bağlı xəbərlər müzakirələrin əsas mövzusuna çevrilib. Siyasi müşahidəçilər hesab edirlər ki, bu proses təkcə CHP daxilində deyil, bütövlükdə Türkiyə müxalifətinin gələcəyinə təsir göstərə bilər. Xüsusilə 2028-ci il prezident və parlament seçkiləri ərəfəsində müxalifət düşərgəsində baş verən dəyişikliklərin siyasi balansı dəyişdirəcəyi ehtimal olunur. Digər tərəfdən, yeni partiyanın nə qədər güclü olacağı, CHP elektoratının hansı istiqamətdə mövqe tutacağı və müxalifətin vahid namizəd ətrafında birləşib-birləşməyəcəyi də əsas suallar sırasındadır. Bəs CHP-də yaşanan son hadisələr müxalifəti gücləndirəcək, yoxsa daha da zəiflədəcək?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan jurnalist, “Ölkə.az” xəbər portalının baş redaktoru İmdad Əlizadə bildirib: "Artıq CHP-nin parçalandığını söyləmək olar. Çünki partiyanın keçmiş sədri, hər halda bu gün də özünü sədr və lider hesab edən Kamal Kılıçdaroğlu ilə yanaşı, Türkiyə Böyük Millət Məclisində CHP parlament fraksiyasının rəhbəri olan Özgür Özəl ötən gün fraksiyanın iclasında çıxış edərək CHP ilə vidalaşıb. Bundan sonra artıq yeni partiyanın yarandığını əminliklə demək mümkündür. Özgür Özəlin bu bəyanatından sonra CHP-li bələdiyyə sədrləri, deputatlar, müxtəlif rayon və şəhər təşkilatları da eyni addımı ataraq partiya sıralarını tərk ediblər. Bu gün faktiki olaraq CHP iki hissəyə parçalanıb.
Özgür Özəl partiyanın böyük hissəsini özü ilə aparacaq. Bununla belə, Türkiyədə klassik CHP seçicisi var. Bu seçici qrupu hər zaman Mustafa Kamal Atatürkün yaratdığı partiyaya sadiq qalıb. Onlar ölkədə hansı siyasi təşkilatın güclü və ya zəif olmasından asılı olmayaraq, heç vaxt Cümhuriyyət Xalq Partiyasını tərk etməyiblər. Düşünürəm ki, həmin seçici kütləsi bu dəfə də eyni mövqedə qalacaq. Onların bir hissəsi Kamal Kılıçdaroğlunun liderliyini qəbul edəcək, digər hissəsi isə partiya daxilində dəyişiklik uğrunda mübarizəni davam etdirəcək. Yəni CHP-də qalan hər kəsin Kılıçdaroğlunun sədrliyini dəstəklədiyini söyləmək doğru olmaz. Ona görə də hesab edirəm ki, bu gün seçki keçirilsə, CHP əvvəlki uğurlarını təkrarlaya bilməyəcək”.
Onun fikrincə, Özgür Özəlin yaradacağı yeni partiyanın seçkilərdə uğur qazanacağını indidən demək mümkün deyil: “Kamal Kılıçdaroğlu məhkəmə qərarı ilə CHP sədrliyinə qayıdana qədər həm Özgür Özəlin, həm də CHP-nin prezidentliyə namizədi hesab olunan, hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun reytinqi kifayət qədər yüksək idi. Onlar Ədalət və İnkişaf Partiyasına və Prezident Rəcəb Tayyib Ərdoğana real alternativ hesab olunurdular. Amma hazırkı mərhələdə bunu eyni əminliklə söyləmək mümkün deyil. Çünki bəzi rəy sorğularına görə, CHP-də baş verən son hadisələrdən sonra Ərdoğanın reytinqi bir qədər də artıb. Son dövrlərdə CHP-dən olan bəzi bələdiyyə sədrlərinin və deputatların Ədalət və İnkişaf Partiyasına qoşulmasının da şahidi oluruq. Ona görə də son proseslərin müxalifətin xeyrinə olduğunu söyləmək çətindir. Qəti nəticə yeni partiya rəsmən elan olunduqdan və onun prezidentliyə namizədinin kim olacağı bəlli olduqdan sonra ortaya çıxacaq. Burada vacib amillərdən biri də CHP-nin ağır topları hesab olunan nüfuzlu siyasətçilərin yeni partiyaya keçib-keçməyəcəyidir. Bu baxımdan əsas fiqurlardan biri Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşdır. Əgər Mənsur Yavaş yeni partiyaya qoşularsa, bu, həmin siyasi qurumun güclənməsinə səbəb ola bilər. Əks halda, o, CHP-də qalarsa, yeni partiyanın CHP ilə müqayisədə nüfuzu o qədər də yüksək olmayacaq. İstənilən halda Türkiyədə yeni siyasi hərəkata ehtiyac var idi. Keçmiş təcrübələr də bunu göstərir. Məsələn, Ədalət və İnkişaf Partiyası vaxtilə Rifah Partiyasından ayrılan Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül, Bülənt Arınç və digər tanınmış siyasətçilərin rəhbərliyi ilə yaradıldı və qısa müddətdə hakimiyyətə gəldi. Lakin hazırkı şərtlər tamamilə fərqlidir. Toparlasaq, yeni partiyanın uğur qazanmasının bir neçə əsas şərti var. Bunlardan birincisi prezidentliyə namizədin kim olacağıdır. İkincisi, CHP-nin nüfuzlu simalarının bu partiyaya qoşulub-qoşulmayacağıdır. Üçüncüsü isə müxalifətin digər hissəsinin bu yeni siyasi hərəkata münasibətidir. Əgər müxalif qüvvələr yeni partiya ətrafında birləşə bilsələr, bu, onun güclənməsinə səbəb olacaq. Əks halda isə yeni partiyanın Ərdoğanla rəqabət aparacaq qədər güclü siyasi alternativə çevrilməsi çətin görünür."
Zeynəb Həsən
10:30 23.07.2026
Oxunuş sayı: 44