Prezident idarəetmə sistemi dəyişir: Ölkədə yeni siyasi mərhələ başlayır
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının konstitusiya islahatları çərçivəsində yarı-prezident idarəetmə modelini müzakirə etdiyi barədə yayılan məlumatlar siyasi sistemdə mümkün dəyişikliklərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu isə 2018-ci ildən tətbiq olunan prezident idarəetmə sisteminin gələcəyi ilə bağlı suallar doğurur.

Politoloq Yusif Bağırzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyədə hazırda tətbiq olunan prezident idarəetmə sistemi icra hakimiyyətinin əsas səlahiyyətlərini prezidentin əlində cəmləşdirən model üzərində qurulub.
Ekspert xatırladıb ki, bu sistemə keçiddən sonra baş nazirlik institutu ləğv edilib, prezident həm dövlət başçısı, həm də icra hakimiyyətinin rəhbəri funksiyasını icra edir. Nazirlər Kabineti isə parlament qarşısında deyil, birbaşa prezident qarşısında məsuliyyət daşıyır:
"Bu model qərarların daha sürətli qəbul edilməsini və idarəetmədə çevikliyi təmin etmək məqsədi daşısa da, müxalifət tərəfindən hakimiyyət bölgüsünün zəifləməsi baxımından daim tənqid olunur".
Politoloqun sözlərinə görə, Türkiyə həqiqətən yarı-prezident idarəetmə modelinə keçərsə, əsas dəyişikliklərdən biri icra hakimiyyətinin səlahiyyətlərinin bölüşdürülməsi olacaq:
"Yarı-prezident sistemində prezident geniş səlahiyyətlərini qorusa da, hökumətin gündəlik fəaliyyətində parlament tərəfindən formalaşdırılan baş nazir və Nazirlər Kabineti mühüm rol oynayır. Belə modeldə prezident daha çox milli təhlükəsizlik, xarici siyasət və strateji istiqamətlər üzrə əsas aktor kimi çıxış edir, hökumət isə sosial-iqtisadi idarəetməni parlament dəstəyi ilə həyata keçirir".
Y.Bağırzadə hesab edir ki, bu dəyişiklik parlamentin səlahiyyətlərini də əhəmiyyətli dərəcədə artıra bilər:
"Mövcud sistemdə Türkiyə Böyük Millət Məclisinin hökumət üzərində nəzarət imkanları məhduddur. Yarı-prezident modelində isə parlament hökumətin formalaşdırılması və fəaliyyətinə nəzarətdə daha fəal rol oynaya bilər. Bu da siyasi partiyalar arasında daha geniş razılaşma mexanizmlərinin yaranmasına və qanunverici hakimiyyətin çəkisinin artmasına səbəb ola bilər".
Ekspert vurğulayıb ki, belə bir keçid mürəkkəb siyasi prosesdir və səlahiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır:
"Əks halda, xüsusilə prezident və parlament çoxluğunun fərqli siyasi qüvvələrə məxsus olduğu dövrlərdə 'ikili legitimlik' problemi yarana bilər. Fransa təcrübəsi göstərir ki, belə hallarda prezidentlə hökumət arasında siyasi rəqabət də mümkündür".
Politoloqun fikrincə, Türkiyənin daxili siyasi reallıqları nəzərə alınarsa, mümkün islahat hakimiyyət balansı və siyasi sistemin gələcəyi baxımından strateji qərar olacaq:
"AK Partiyanın belə bir islahat gündəliyi irəli sürməsi hazırkı mərhələdə o qədər də inandırıcı görünmür. Ümumilikdə isə yarı-prezident modelinə keçid prezident institutunun zəifləməsi demək deyil. Əsas məsələ prezident, hökumət və parlament arasında səlahiyyətlərin necə bölüşdürüləcəyidir".
Nigar Xəlilli
16:00 22.07.2026
Oxunuş sayı: 122