Mistika, yoxsa unutdurulan həqiqət?- “Qara kitab”da yazılanlar, nəhayət, üzə çıxdı…
Yakov Bryusun adı əsrlərdir elm, mistika və xalq inanclarının qovuşduğu tarixi fiqurlardan biri kimi xatırlanır. 1934-cü ildə Suxarev qülləsinin sökülməsi zamanı onunla əlaqələndirilən sirli "Qara kitab"ın axtarılması barədə yayılan rəvayətlər bu gün də tarix və mifologiya həvəskarlarının diqqətini cəlb edir. Tarixi faktlarla əfsanələrin iç-içə keçdiyi bu hadisə cəmiyyətlərdə miflərin yaranması və yaşaması ilə bağlı suallar doğurur.

Tarixçi Zaur Əliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Yakov Brüs tarixi şəxsiyyət olsa da, onun ətrafında formalaşan "Qara Kitab" və sehrbazlıqla bağlı rəvayətlərin tarixi faktlarla xalq inanclarının qarışığından meydana gəldiyi hesab olunur.
Ekspert qeyd edib ki, XVIII əsrdə Yakov Brüs həm elmi fəaliyyəti, həm də qeyri-adi biliyi səbəbindən Moskva sakinləri arasında "Suxarev qülləsinin sehrbazı" kimi tanınıb:
"Şotland mənşəli Yakov Brüs I Pyotrun yaxın silahdaşlarından biri idi. O, dövrünə görə yüksək təhsil almış, riyaziyyat, astronomiya, mühəndislik və artilleriya sahələrində mühüm fəaliyyət göstərmişdi. İngiltərədə təhsil almış, Qotfrid Leybnislə əlaqələr saxlamış, Rusiyada ilk həndəsə dərsliklərindən birini hazırlamış və Riyaziyyat və Naviqasiya Elmləri Məktəbinə rəhbərlik etmişdi".
Tarixçinin sözlərinə görə, Brüsün böyük kitabxanası və elmi fəaliyyəti onun haqqında mistik əfsanələrin yaranmasına zəmin hazırlayıb.
"Onun 1500-dən çox cilddən ibarət zəngin kitabxanası vardı və bu irs sonradan Sankt-Peterburq Elmlər Akademiyasına vəsiyyət edilmişdi. Lakin xalq arasında Brüsün 'Qara Kitab'a sahib olması barədə çoxsaylı rəvayətlər yayılmışdı".
Z.Əliyev bildirib ki, əfsanələrə görə, həmin kitabın müəllifi Süleyman peyğəmbər hesab olunur və onun fövqəltəbii güclərə malik olduğu iddia edilirdi:
"Rəvayətlərdə deyilirdi ki, kitabın köməyi ilə gizli biliklərə yiyələnmək, yeraltı sərvətləri tapmaq və qeyri-adi qüvvələr əldə etmək mümkündür. Başqa versiyalarda isə kitabın müxtəlif müdriklər və sehrbazlar tərəfindən yazıldığı bildirilir".
Ekspert vurğulayıb ki, rəvayətlərdə Böyük Pyotrun, II Yekaterinanın və hətta İosif Stalinin də bu kitabı axtardığı iddia olunur:
"Brüsün ölümündən sonra əfsanəvi kitabı tapmaq üçün müxtəlif cəhdlərin edildiyi bildirilir. Rəvayətlərə görə, II Yekaterina Suxarev qülləsində axtarış aparılmasını əmr edib. Daha sonra isə Stalinin göstərişi ilə qüllənin kərpic-kərpic söküldüyü və NKVD əməkdaşlarının axtarışlara nəzarət etdiyi barədə iddialar mövcuddur. Lakin kitabın tapıldığına dair heç bir etibarlı tarixi sübut yoxdur".
Tarixçi əlavə edib ki, bəzi mənbələrdə I Pyotrun balzamlanması prosesində də Yakov Brüsün iştirak etdiyi qeyd olunur:
"Tarixi mənbələrdə Brüsün I Pyotrun cəsədinin balzamlanması prosesində iştirak etdiyi, bədənin xüsusi maddələrlə işlənərək qorunmasına töhfə verdiyi qeyd edilir. Bu da onun elmə və təbiət elmlərinə marağının daha bir göstəricisi kimi qiymətləndirilir".
Z.Əliyevin sözlərinə görə, Yakov Brüsün şəxsiyyəti ətrafında yaranmış saysız-hesabsız əfsanələr onu Rusiya tarixinin ən sirli simalarından birinə çevirib və bu mövzu bu gün də tarixçilər və tədqiqatçılar üçün maraq doğurmaqda davam edir.
Nigar Xəlilli
13:30 22.07.2026
Oxunuş sayı: 69