Otellərdə yanğın təhlükəsizliyi necə təmin olunur?
Turizm sektorunda təhlükəsizlik xidmətin keyfiyyətini müəyyən edən əsas amillərdən biridir. Xüsusilə otellərdə yanğın təhlükəsizliyi ilə bağlı standartların tətbiqi, fövqəladə hallara hazırlıq səviyyəsi və müasir xəbərdarlıq sistemlərinin mövcudluğu həm turistlərin, həm də ölkənin turizm imicinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda otellərdə yanğın təhlükəsizliyi tədbirlərinin nə dərəcədə effektiv olduğu və bu sahədə mövcud çağırışlar müzakirə mövzusudur.

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Crossmedia.az-a açıqlamasında bildirib ki, otellərdə yanğın təhlükəsizliyi təkcə texniki tələb deyil, həm insan həyatının qorunması, həm də ölkənin turizm imicinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır:
"Ölkədə fəaliyyət göstərən otellərə nəzər saldıqda fərqli mənzərə ilə qarşılaşırıq. Beynəlxalq otel şəbəkələrində təhlükəsizlik sistemləri yüksək standartlara uyğun qurulub və mütəmadi nəzarətdə saxlanılır. Bu müəssisələrdə tüstü detektorlarından tutmuş su təzyiqi sistemlərinə qədər bütün avadanlıqlar gündəlik yoxlanılır, əməkdaşlar isə fövqəladə hallarla bağlı mütəmadi təlimlərə cəlb olunurlar”.
Ekspertin sözlərinə görə, əsas narahatlıq doğuran məqam bəzi kiçik və butik tipli otellərdə yanğın təhlükəsizliyi qaydalarına kifayət qədər əməl olunmamasıdır:
"Bəzi obyektlərdə təhlükəsizlik sistemləri yalnız formal xarakter daşıyır. Yanğınsöndürən balonlar vaxtında yenilənmir, təzyiqi aşağı olur və ya istismar müddəti başa çatır. Tüstü detektorları quraşdırılsa da, bəzi hallarda onların batareyaları çıxarılır və ya sistem qəsdən söndürülür ki, siqaret tüstüsünə görə siqnal verməsin. Bu isə ciddi təhlükə yaradır”.
O.Musayev bildirib ki, yanğın zamanı ən vacib amillərdən biri personalın hazırlıq səviyyəsidir:
"Fövqəladə hadisə zamanı ən böyük risk panikadır. Xüsusilə əcnəbi turistlər binanın çıxışlarını və təxliyə yollarını tanımaya bilərlər. Belə vəziyyətdə otel əməkdaşlarının peşəkar və operativ davranışı həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bəzi kiçik otellərdə işçilərlə praktiki yanğın təlimləri keçirilmir və bu da fövqəladə vəziyyətdə düzgün qərar qəbul edilməsini çətinləşdirir”.
Ekspert təxliyə yollarının daim açıq saxlanılmasının vacibliyini də vurğulayıb:
"Bəzi hallarda fövqəladə çıxış qapıları bağlı saxlanılır və ya onların qarşısına müxtəlif əşyalar, təsərrüfat malları və təmizlik avadanlıqları yığılır. Halbuki təxliyə yolları hər zaman maneəsiz və istifadəyə hazır vəziyyətdə olmalıdır. Bu qaydalara əməl olunması mümkün faciələrin qarşısının alınması üçün əsas şərtlərdən biridir”.
Nigar Xəlilli
12:00 18.07.2026
Oxunuş sayı: 59