Yayda ürək-damar problemləri niyə artır?- İzah
Yay aylarında havanın temperaturunun və rütubətin artması təkcə narahatlıq yaratmır, həm də ürək-damar sistemi üçün ciddi risk amilinə çevrilə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, isti hava ürəyin iş yükünü artıraraq xüsusilə yaşlılar, xroniki xəstəlikləri olanlar və ürək dərmanları qəbul edən şəxslərdə infarkt və digər ürək-damar ağırlaşmaları riskini yüksəldir. Bu fonda isti havalarda sağlamlığın qorunması üçün görülməli tədbirlər yenidən gündəmə gəlir.

Professor, tibb elmləri doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, yüksək temperatur və rütubət ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi risk yaradır və infarkt, eləcə də digər ağırlaşmaların başvermə ehtimalını artırır:
"Ürək daim işləyən əzələdir və normal fəaliyyət göstərməsi üçün fasiləsiz oksigenə və qida maddələrinə ehtiyac duyur. O, bütün orqanizmin qanla və oksigenlə təmin olunmasında əsas rol oynayır. Buna baxmayaraq, ürək əzələsi gündəlik həyat tərzi, qeyri-sağlam qidalanma, siqaret, alkoqol, stress və digər mənfi amillərin təsiri altında əlavə yükə məruz qalır."
Professorun sözlərinə görə, isti hava şəraiti bu yükü daha da artırır və xüsusilə ürək xəstələri üçün təhlükəli vəziyyət yaradır:
"Yüksək temperatur və rütubət şəraitində qanın oksigenlə təmin olunması çətinləşir. Bu zaman ürək daha çox işləməyə məcbur qalır. Qanın qatılaşması, mikrosirkulyasiyanın pozulması və tromblaşma riski ürək əzələsinin oksigen çatışmazlığı ilə üzləşməsinə səbəb olur."
A.Qeybulla qeyd edib ki, məhz bu səbəbdən isti havalarda ürək-damar sistemi xəstəlikləri olan şəxslərdə infarkt və digər ağır fəsadlar daha çox müşahidə edilir:
"Uzun müddət yüksək temperatur və rütubət şəraitində qalmaq infarkt, ürək çatışmazlığı və digər ciddi ürək-damar problemlərinin yaranma ehtimalını artırır. Bu risk təkcə ürək xəstələri üçün deyil, ümumilikdə bütün insanlar üçün nəzərə alınmalıdır."
Ekspert vurğulayıb ki, ürəyin sağlam fəaliyyət göstərməsi üçün orqanizmin normal temperatur və oksigen balansını qoruması vacibdir:
"Ürək fasiləsiz işləyən əzələdir və hər an oksigenə ehtiyac duyur. Buna görə də xüsusilə isti havalarda insanlar günəş altında uzun müddət qalmamalı, kifayət qədər maye qəbul etməli və ürəyə əlavə yük yaradan amillərdən mümkün qədər uzaq durmalıdırlar."
Nigar Xəlilli
17:00 17.07.2026
Oxunuş sayı: 54