Sərxoş velosiped sürmək baha başa gələ bilər: Cəriməsi var
Nəqliyyatda əsas nüans kimi avtomobillərin və motosikletlərin spirtli içkinin təsiri altında idarə olunması qadağandır. Bu təhlükəsizlik üçün çox vacibdir. Bəs nəqliyatda istifadə olunan velosiped, skuter və elektrikli velossiped/skuterlərin spirtli içki təsiri altında idarə olunması qanunda necə tənzimlənir?
Məsələn xarici ölkələrdə bu məsələyə daha ciddi yanaşılır. Belə ki, sözügedən nəqliyyat vasitələrini idarə edən sürücülər alkotesterlə yoxlanılır və qayda pozanlara cərimə ilə yanaşı nəqliyyat vasitələri duracağa yerləşdirilir.

Bu barədə Crossmedia.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov deyib ki, bu hal Azərbaycan qanunvericiliyində də öz əksini tapıb:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4 maddəsinə görə, mopedlər istisna olmaqla velosiped, asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri idarə edən şəxslər tərəfindən Yol hərəkəti haqqında Qanunun pozulması ayrı-ayrı pozuntulara görə məsuliyyətə səbəb olur. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338,9 maddəsinə əsasən alkoqolun təsiri altında yol hərəkəti qaydalarını pozan, qəza törədən və ya digər şəxslərə zərər vuran şəxslər 150 manat məbləğində inzibati qaydada cərimə olunurlar”.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev qeyd edib ki, bir çox xarici ölkələrdə alkoqol və ya narkotik vasitələrin təsiri altında velosiped, elektrikli velosiped və elektrik skuter idarə etmək ayrıca hüquq pozuntusu hesab olunur:
“Məqsəd təkcə həmin şəxsi deyil, digər yol hərəkəti iştirakçılarını da qorumaqdır. Azərbaycanda da son qanunvericilik dəyişiklikləri nəticəsində kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi daha ətraflı tənzimlənməyə başlayıb. Xüsusilə, kiçik elektrik nəqliyyat vasitəsini alkoqol, narkotik və ya digər güclü təsir edən maddələrin təsiri altında idarə etməklə yol hərəkəti qaydalarını pozan şəxslər üçün inzibati məsuliyyət nəzərdə tutulur. Adi velosipedlərə gəldikdə isə, “Yol hərəkəti haqqında” Qanun onların hərəkət qaydalarını müəyyən etsə də, avtomobil sürücülərində olduğu kimi sərxoş vəziyyətdə idarə etməyə dair ayrıca norma nəzərdə tutulmur. Bununla belə, sərxoş vəziyyətdə velosiped sürən şəxs yol hərəkəti qaydalarını pozarsa, qəza törədərsə və ya digər şəxslərə zərər vurarsa, bunun hüquqi məsuliyyəti yarana bilər. Təhlükəsizlik baxımından isə risklər kifayət qədər ciddidir.
Ekspert vurğulayıb ki, alkoqol insanın reaksiya müddətini uzadır, tarazlığı və koordinasiyanı pozur, məsafə və sürəti düzgün qiymətləndirmək qabiliyyətini azaldır:
“Velosiped və elektrik skuter istifadəçilərinin kuzovu, təhlükəsizlik kəməri və digər passiv mühafizə sistemləri olmadığından, hətta aşağı sürətlə baş verən toqquşmalar belə ağır xəsarətlə nəticələnə bilər. Bundan əlavə, sərxoş vəziyyətdə olan istifadəçi gözlənilmədən hərəkət istiqamətini dəyişə, piyadalarla toqquşa və ya avtomobillərin hərəkət zolağına çıxa bilər ki, bu da zəncirvari yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Hesab edirəm ki, Azərbaycanda mikromobillik vasitələrinin sayı artdıqca bu sahədə hüquqi tənzimləmə və nəzarət mexanizmləri daha da təkmilləşdirilməlidir. Yol hərəkəti təhlükəsizliyi baxımından “sərxoş halda heç bir nəqliyyat vasitəsini idarə etməmək” prinsipi avtomobil, motosiklet, velosiped və elektrik skuter daxil olmaqla bütün nəqliyyat vasitələrinə şamil edilməli, maarifləndirmə və nəzarət tədbirləri gücləndirilməlidir. Bu yanaşma həm qəzaların, həm də ağır xəsarətlərin sayının azalmasına mühüm töhfə verə bilər”.
18:00 17.07.2026
Oxunuş sayı: 75