Kolbasadan uzaq durun - qida eksperti
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında quş tükünün aşkar olunması ilə bağlı istehsalı dayandırması cəmiyyətdə ciddi rezonans doğurub. Yoxlama zamanı aşkarlanan antisanitar vəziyyət, sənədsiz xammallar və izlənmə sisteminin yoxluğu istehlakçıların haqlı narahatlığına səbəb olub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida mütəxəssisi Fərid Səfərov kolbasa istehsalındakı bu cür ciddi qanun pozuntularının insan sağlamlığı üçün yaratdığı real təhlükələrdən danışıb: "Toyuq dərisinin üzərində tüklərin qalması təkcə estetik qüsur deyil, gigiyenik qaydaların kobud şəkildə pozulduğunu göstərən ən böyük əlamətdir. Tüklərin və dərinin səthində xüsusilə "Salmonella", "Campylobacter" və digər qida mənşəli patogenlərin rast gəlinməsi mümkündür. İstehsal prosesində gigiyena qaydalarına əməl olunmursa, bu mikroorqanizmlər məhsulun çirklənməsinə səbəb olur. Düzgün istilik emalı müəyyən riskləri azaltsa da, istehsalın bütün mərhələlərində sanitariya qaydalarının pozulması son məhsulun təhlükəsizliyini ciddi şəkildə şübhə altına alır. Belə məhsulların istehlakı qida zəhərlənməsi, ishal, qusma və yüksək hərarətə yol açır".

Müəssisədə "izlənmə sisteminin olmaması" məsələsinə toxunan ekspert bildirdi ki, bu boşluq qida təhlükəsizliyi zəncirini tamamilə qırır: "Qida təhlükəsizliyi baxımından hər bir xammalın haradan gətirildiyi, baytarlıq nəzarətindən keçib-keçmədiyi və hansı sənədlərlə təsdiqləndiyi mütləq məlum olmalıdır. Bu məlumatlar olmadıqda istifadə olunan xammalın təhlükəsizliyi ilə bağlı əsaslı şübhələr yaranır. Bu, avtomatik olaraq xəstə heyvan ətindən istifadə edildiyini sübut etmir, lakin belə ölümcül ehtimalı istisna etməyə də imkan vermir. Məhz buna görə də izlənmə sistemi hər hansı problem aşkarlandıqda məhsulun bazardan operativ şəkildə geri çağırılmasına imkan yaradır. Mənşəyi məlum olmayan, etiketi natamam olan və ya saxlanma temperaturu pozulmuş məhsulları almaq məqsədəuyğun deyil. Xarici görünüş baxımından isə vakuum paketi şişmiş və ya zədələnmiş olmamalıdır. Məhsulun rəngi həddindən artıq parlaq, qeyri-təbii görünməməli, səthində selik, kif və ya ləkələr olmamalıdır. Açıldıqda kəskin turş və ya xoşagəlməz qoxu hiss edilirsə, belə məhsul qətiyyən istehlak edilməməlidir. Lakin mən bir mütəxəssis olaraq kolbasa məhsullarının istehlakını ümumiyyətlə məsləhət görmürəm. Sağlam qidalanaraq sağlam yaşayın!"
Fatimə Cabbarlı
15:01 16.07.2026
Oxunuş sayı: 114