Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib
Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 14 iyul tarixli qərarı ilə Nağı Nağıyev Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Bu barədə Crossmedia.az-a Mərkəzdən məlumat verilib.
Bildirilib ki, 1995-ci ildə Bakı şəhərində anadan olan Nağı Nağıyev ali təhsilini Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında alıb. O, 2013–2016-cı illərdə City University London universitetində "İnvestisiya və maliyyə risklərinin idarə edilməsi" proqramı üzrə təhsil alaraq maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. Təhsilini həmin universitetdə davam etdirən Nağı Nağıyev 2017-ci ilin sentyabrında "Layihələrin idarə edilməsi, maliyyə və risk" ixtisası üzrə magistr dərəcəsi əldə edib.
O, 2018–2023-cü illərdə University College London universitetində doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
N.Nağıyev 2020-ci ildə Birləşmiş Krallığın London şəhərində yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə "SOCAR Trading" şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.
O, əmək fəaliyyətini 2023-cü ilin avqustundan etibarən Azərbaycan Mərkəzi Bankında davam etdirib. 2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.
10:40 16.07.2026
Oxunuş sayı: 53