Yardımlıda Atropatena dövrünə aid şəhər qalıqları tapıldı - FOTO
Yardımlıda arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid qalıqlar tapılıb.
Bunu Crossmedia.az-a açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnsstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli deyib.
O, bildirib ki, Yardımlı rayonunun Urakəran kəndində Azərbaycan-ABŞ Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən aparılan tədqiqatlar başa çatıb: "Arxeoloji tədqiqatlar bir çox mühüm nəticələrlə yadda qaldı. Qazıntılar zamanı Atropatena dövlətinə aid yaşayış məskəninin qalıqları aşkara çıxarıldı. 2200 il bundan əvvələ aid edilən tapıntılar Atropatena əhalisinin memarlıq-inşaat sənəti, dulusçuluq və şüşə istehsalı, məişət və təsərrüfatı, dini dünya görüşləri barədə maraqlı məlumatlar əldə etməyə imkan verir. Aşkar edilən abidə növbəti tədqiqat mövsümünə qədər ilkin konservasiya edilərək qorunmaqdadır".
Qeyd edək ki, Tədqiqatlar rayonun Viləş çayının sol sahilində, strateji dağlıq zonada aparılıb. Araşdırmalar nəticəsində xeyli sayda orqanik nümunələr toplanıb. Bu nümunələrin dərindən analizi ABŞ-nin Hamilton Kollecində laborator şəraitdə aparılacaq.
Kompleksin açıq səma altında muzeyə çevrilməsi və turizm marşrutuna salınması nəzərdə tutulur.
Məhəbbət Tərlanoğlu
15:00 15.07.2026
Oxunuş sayı: 189