İnsanlar tanınmış şəxslərə dəyər daşıyıcısı kimi baxırlar - Psixoloq
Sosial media platformaları artıq sadəcə ünsiyyət vasitəsi deyil, kollektiv emosiyaların sürətlə alovlandığı nəhəng bir psixoloji məkandır. Son dövrlər yerli rəqəmsal mühitdə məşhur simaların fəaliyyəti ətrafında yaşanan kütləvi linç kampaniyaları bu təhlükəli tendensiyanı yenidən gündəmə gətirib. İllərlə sevilən sənətçilərin bircə uğursuz obrazına, ironik reklamına və ya səhv ifadəsinə görə cəmiyyət tərəfindən dərhal kəskin ictimai qınaq və kütləvi təzyiqlə üzləşməsi artıq rəqəmsal bir silaha çevrilib. Bu cür kütləvi aqressiyanın, virtual bağışlamazlığın alt qatında hansı gizli psixoloji məqamlar dayanır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov qeyd edib ki, sosial şəbəkələrdə baş verən proseslərə fərdlər üzərindən deyil, kollektiv davranışlar prizmasından baxmaq lazımdır: "Mən konkret şəxsləri və ya hadisələri deyil, bu hadisələrin fonunda cəmiyyətin nümayiş etdirdiyi psixoloji reaksiyaları qiymətləndirməyi daha doğru hesab edirəm. Tanınmış şəxslər cəmiyyət üçün simvolik məna daşıyır və insanlar onlara müəyyən dəyərlərin daşıyıcısı kimi yanaşırlar. Buna görə də hər hansı bir ifadə və ya obraz insanların şəxsi dəyərlərinə toxunduqda reaksiya daha kəskin olur. Bu cür reaksiyaların qısa müddətdə kütləvi xarakter almasının əsas səbəbi isə sosial şəbəkələrin işləmə mexanizmidir. Alqoritmlər qəzəb, narazılıq və kəskin emosiyaları daha çox önə çıxarır və geniş auditoriyaya çatdırır. Nəticədə insanlar fərqinə varmadan sürətlə yayılan bu emosional dalğanın iştirakçısına çevrilirlər".

E.Rüstəmov qeyd edir ki, virtual məkandakı anonimlik insanları daha amansız edir: "Sosial psixologiyada buna "deindividuasiya"(fərdi məsuliyyətin itməsi) fenomeni deyilir. İnsan virtual məkanda anonim və böyük qrupun tərkibində olduqda fərdi məsuliyyət hissi zəifləyir.Normalda deməyəcəyi sərt ifadələri asanlıqla yazır. Bu gün rəqəmsal mühitdəki kəskin ictimai təzyiq və kütləvi qınaq dalğası məhz bu prosesin nəticəsidir. Sağlam cəmiyyətdə ictimai qınaq müsbət tənzimləyici rol oynaya bilsə də, sosial şəbəkələrdə o, dərhal insanı kütləvi şəkildə rədd edən dağıdıcı təzyiq vasitəsinə çevrilir. Buradakı əsas problem odur ki, insanın bir uğursuz davranışı üzərindən onun bütöv şəxsiyyəti və uzun illərlə formalaşdırdığı fəaliyyəti tamamilə rədd edilir. Halbuki sağlam yanaşmada yalnız konkret davranış qiymətləndirilməlidir.Sevilən bir sənətçinin birdən-birə nifrət obyektinə çevrilməsi həm də "parasosial münasibətlər" (birtərəfli emosional bağlılıq) ilə bağlıdır. İzləyicinin gözləntisi boşa çıxanda bunu şəxsi məyusluq kimi qəbul edir. Buna görə də cəmiyyətdə təcili olaraq rasional müzakirə mədəniyyəti inkişaf etməlidir. Rəqəmsal savadlılıq təkcə texnologiyadan istifadə etmək deyil, həm də internetdə etik və psixoloji məsuliyyətlə davranmaqdır".
Fatimə Cabbarlı
19:00 14.07.2026
Oxunuş sayı: 60