Bloggerlərin videoları ailələrə təsir göstərir
Son illər sosial şəbəkələrdə ailə həyatını əks etdirən məzmunların sayı sürətlə artır. Xüsusilə bloggerlərin həyat yoldaşları ilə çəkdikləri videolar milyonlarla izləyici tərəfindən izlənilir və geniş müzakirələrə səbəb olur. Bu paylaşımlar cəmiyyətin ailə münasibətlərinə, gender rollarına və tərəflər arasında gözləntilərə təsirsiz ötüşmür. Bəziləri bu videoların ailədaxili münasibətlərdə müsbət dəyişikliklərə səbəb olduğunu düşünür, digərləri isə onların qeyri-real gözləntilər yaratdığını bildirir. Mütəxəssislər hesab edirlər ki, sosial media ailə modelini təkbaşına dəyişdirməsə də, insanların münasibətlərə baxışına müəyyən təsir göstərən amillərdən biridir. Xüsusilə gənclər sosial şəbəkələrdə gördükləri davranışları nümunə kimi qəbul etməyə daha meylli olurlar. Bununla yanaşı, sosial mediada nümayiş etdirilən ailə həyatının reallığı tam əks etdirmədiyi də vurğulanır. Mövzu cəmiyyətdə ailə dəyərləri və gender münasibətləri ilə bağlı yeni müzakirələrin yaranmasına səbəb olub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən psixoloq, Qərbi Kaspi Universitetinin "Psixologiya və Sosial iş" kafedrasının müəllimi Səbinə Bayramova məsələyə münasibət bildirib.
Psixoloq bildirib ki, sosial şəbəkələrdə bloggerlərin həyat yoldaşları ilə paylaşdıqları videolar insanların ailə münasibətlərini birbaşa dəyişdirməsə də, ailə ilə bağlı gözləntilərinə və davranış meyillərinə təsir göstərə bilər: "Xüsusilə yeniyetmələr və gənclər tez-tez gördükləri davranışları normal və ya ideal münasibət modeli kimi qəbul etməyə meyllidirlər. Bu hal psixologiyada sosial öyrənmə prinsipi ilə izah olunur və insanlar şəxsi təcrübə ilə yanaşı, başqalarını müşahidə etməklə də davranış nümunələri mənimsəyirlər. Sosial mediada paylaşılan ailə həyatı adətən real həyatın tam mənzərəsini əks etdirmir. İnsanlar daha çox xoş anlarını, romantik jestlərini, hədiyyələri və maraqlı situasiyaları paylaşır, münaqişələr, gündəlik məsuliyyətlər və münasibətin çətin tərəfləri isə əksər hallarda görünmür. Bu isə izləyicidə ailə həyatının həmişə problemsiz olduğu barədə qeyri-real təsəvvür formalaşdırır və nəticədə insanlar öz münasibətlərini sosial şəbəkədə gördükləri görüntülərlə müqayisə etməyə başlayırlar".
S.Bayramova bildirib ki, bu məzmunların müsbət tərəfləri də var: "Əgər bloggerlər münasibətlərdə qarşılıqlı hörməti, açıq ünsiyyəti, emosional dəstəyi, məsuliyyətin bölüşdürülməsini və münaqişələrin sağlam şəkildə həllini nümayiş etdirirlərsə, bu, izləyicilər üçün faydalı davranış nümunəsi ola bilər. Xüsusilə uşağın qayğısının hər iki valideyn tərəfindən paylaşılması, tərəflərin bir-birinə təşəkkür etməsi və gündəlik məsuliyyətləri birlikdə yerinə yetirməsi sağlam ailə münasibətlərinin təşviqinə töhfə verə bilər. Məcazi mənada hər ailənin öz "konstitusiyası" var. Yəni hər ailənin zamanla formalaşan dəyərləri, yazılmamış qaydaları, ünsiyyət tərzi və şəxsi sərhədləri mövcuddur. Buna görə də sosial mediada görülən hər davranışı olduğu kimi öz ailəsinə tətbiq etməyə çalışmaq düzgün yanaşma deyil. Bir ailədə münasibətləri gücləndirən davranış başqa bir ailənin ehtiyaclarına və sərhədlərinə uyğun olmaya bilər. Uzunmüddətli perspektivdə sosial media nə ənənəvi ailə modelini, nə də gender rollarını təkbaşına dəyişə bilər. Bu məsələlərə iqtisadi şərait, təhsil səviyyəsi, hüquqi mühit, mədəni dəyərlər və cəmiyyətin inkişafı kimi çoxsaylı amillər təsir göstərir. Sosial media isə bu dəyişiklikləri sürətləndirən və ya daha görünən edən vasitələrdən biridir. Əsas məsələ sosial mediada təqdim olunan münasibətləri ideal model kimi qəbul etmək deyil, onları tənqidi düşüncə ilə qiymətləndirməkdir. Əgər cütlüklər münasibətlərində ünsiyyət problemləri, təkrarlanan münaqişələr və ya gözləntilərlə bağlı çətinliklər yaşayırsa, ailə psixoloqu və ya ailə psixoterapevtindən peşəkar dəstək almaq münasibət dinamikasını daha sağlam qiymətləndirməyə və hər bir ailənin özünəməxsus ehtiyaclarına uyğun həll yolları formalaşdırmağa kömək edə bilər. Peşəkar dəstəyin məqsədi kimisə "ideal ailəyə" çevirmək deyil, həmin ailənin öz resurslarını gücləndirərək daha sağlam ünsiyyət və qarşılıqlı anlaşma qurmasına dəstək olmaqdır".
Zeynəb Həsən
20:00 13.07.2026
Oxunuş sayı: 66