Evdə işığı yandırmaq partlayışa səbəb ola bilər
Son vaxtlar məişətdə istifadə edilən qaz sızmaları səbəbindən yaşayış evlərində baş verən və insan tələfatı ilə nəticələnən partlayışlar, yanğınlar cəmiyyətdə ciddi narahatlıq doğurur. Əksər hallarda vətəndaşların fərdi mənzillərdə qaz xətlərinə nəzarətsiz yanaşması, profilaktik tədbirlərin vaxtında görülməməsi və sadə təhlükəsizlik qaydalarına riayət edilməməsi böyük bədbəxt hadisələrə zəmin yaradır. Gecə saatlarında və ya evdə kimsə olmayanda toplanan qaz kütləsi kiçik bir qığılcımla böyük faciəyə çevrilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhlükəsizlik eksperti Samir Nəbiyev, məişətdə bədbəxt hadisələrin qarşısını almaq üçün atılmalı olan zəruri addımları və faciələrin əsas səbəblərini belə izah edib: "Ümumiyyətlə, məişətdə istifadə edilən qaz üçün əsas məsələ təkcə hadisə baş verəndən sonra operativ reaksiya vermək deyil, bu cür halların qarşısını almaq üçün nəzərdə tutulmuş profilaktik tədbirlərin vaxtında icra olunmasıdır. Mütəmadi olaraq, heç olmasa ildə bir dəfə qoruyucu klapanlar, qaz xətləri mütəxəssislər tərəfindən ciddi şəkildə yoxlanılmalı və sızmaların aşkarlanması üçün zəruri inspeksiyalar icra olunmalıdır. Yəni mütəxəssislər tərəfindən mənzillərə davamlı olaraq kənar baxışlar həyata keçirilməlidir. Digər vacib mərhələ isə evlərdə texniki təhlükəsizlik cihazlarının quraşdırılmasıdır. İlkin növbədə mənzillərdə qaz və tüstü detektoru, daha sonra isə yanğın detektoru olmalıdır ki, hər hansı bir formada nəzarətsiz yerdə yanğın və ya sızma baş verərsə, bu, ilkin mərhələdə aşkarlansın".

Ekspert həmçinin məişətdə baş verən partlayışların əsas mexanizmini və vətəndaşların etdiyi ölümcül səhvlərdən danışıb: "Baş verən bədbəxt hadisələrin xronologiyasını təhlil etdikdə, partlayışların çox vaxt eyni səbəbdən qaynaqlandığını görürük. Belə ki, daxili məkanda məişət qazı sızır və evə daxil olan şəxs qaz qoxusunu hiss etmədən elektrik açarını basdıqda yaxud sadəcə işığı yandırdıqda qısaqapanma baş verir. Qazla zənginləşmiş havada həmin kiçik elektrik qığılcımı artıq ani partlayışla və sonra da şiddətli yanğınla müşayiət olunan bədbəxt hadisəyə çevrilir. Bunun qarşısını almaq üçün həm profilaktik baxışlar mütləqdir, həm də evə daxil olarkən qaz qoxusu hiss edildikdə qətiyyən elektrik açarlarına toxunmamaq, dərhal qapı-pəncərəni açaraq məkanı havalandırmaq lazımdır".
Fatimə Cabbarlı
18:00 11.07.2026
Oxunuş sayı: 73