Suşi yeyerkən bunlara diqqət edin
Son günlər suşi istehlakından sonra baş verən kütləvi zəhərlənmə halları qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edirlər ki, bu cür hadisələr təsadüfi deyil və bir sıra ciddi amillərlə bağlıdır. Xüsusilə çiy məhsulların hazırlanması zamanı sanitar-gigiyenik qaydalara əməl olunmaması istehlakçı sağlamlığı üçün böyük risk yaradır. Mütəxəssislərin fikrincə, həm qida obyektlərinin məsuliyyəti, həm də istehlakçıların seçim zamanı diqqətli olması vacibdir. Qida təhlükəsizliyinin təmin olunması üçün daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, işçi heyətin mütəmadi təlimlərə cəlb olunması və məhsulların saxlanma şəraitinə ciddi nəzarət edilməlidir. Eyni zamanda, dövlət nəzarəti və laborator monitorinqlərin davamlı aparılması da mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, təhlükəsiz qidalanma yalnız istehsalçıların deyil, istehlakçıların da məsuliyyətli davranışından asılıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, suşi kimi çiy və ya az emal olunmuş məhsulların hazırlanması zamanı qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl edilmədikdə zəhərlənmə riski artır: "Belə halların əsas səbəbləri sırasında xammalın keyfiyyətsiz olması, məhsulların düzgün temperatur rejimində saxlanılmaması, çiy balıq və digər inqrediyentlərin hazırlanması zamanı gigiyena qaydalarının pozulması, eləcə də çarpaz çirklənmə halları yer ala bilər. Xüsusilə çiy balıq mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit olduğundan onun daşınması və saxlanılması xüsusi nəzarət tələb edir. İstehlakçılar suşi və digər çiy məhsulları alarkən müəssisənin sanitar vəziyyətinə, məhsulun hazırlanma və saxlanma şəraitinə, istifadə olunan xammalın mənşəyinə və obyektin etibarlılığına diqqət yetirməlidirlər".

Ekspert qeyd edib ki, şübhəli şəraitdə fəaliyyət göstərən, mənşəyi məlum olmayan məhsullar təqdim edən və ya gigiyenik tələblərə əməl etməyən obyektlərdən qida almaq tövsiyə olunmur: "Bu kimi halların qarşısının alınması üçün qida obyektlərində daxili nəzarət sistemləri gücləndirilməli, işçi heyətin qida təhlükəsizliyi üzrə təlimləri mütəmadi keçirilməli, temperatur rejiminə nəzarət təmin edilməli və xammalın izlənəbilənliyi qorunmalıdır. Dövlət nəzarəti çərçivəsində aparılan monitorinqlər və laborator müayinələr də qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Qida zəhərlənmələrinin qarşısının alınması həm sahibkarların, həm də istehlakçıların məsuliyyətli davranışından asılıdır və sağlam qidalanma sağlam həyatın əsas şərtlərindən biridir".
Zeynəb Həsən
15:30 11.07.2026
Oxunuş sayı: 51